Kamal Heydəri Əllamə Kuleyninin (r) adından yalan danışır

Bu video Kamal Heydərinin 26.02.2018 tarixində öz rəsmi saytında dərc edilmiş "Fiqhul-mər`ə" dərsinin 76-cı hissəsindən götürülmüşdür. Dərsin bütövü aşağıdakı linkdədir.

 


Bismillah 

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin.

 

Gördüyünüz bu video Kamal Heydərinin yalançı və ya cahil olmasının nümunələrindən biridir. Belə ki, o, bu videoda "əl-Kafi" kitabının müəllifi Əllamə Şeyx Kuleyninin (r) adından yalan danışaraq iddia edir ki, Kuleyni (r) İmam Əlini (əleyhissəlam) digər peyğəmbərlərdən fəzilət cəhətdən aşağı bilirdi. İddiasına dəlil olaraq isə Kuleyninin (r) aşağıdakı sözlərini gətirir:

وَ هَذِهِ الْخُطْبَةُ مِنْ مَشْهُورَاتِ خُطَبِهِ ع حَتَّى لَقَدِ ابْتَذَلَهَا الْعَامَّةُ وَ هِیَ کَافِیَةٌ لِمَنْ طَلَبَ عِلْمَ التَّوْحِیدِ إِذَا تَدَبَّرَهَا وَ فَهِمَ مَا فِیهَا فَلَوِ اجْتَمَعَ أَلْسِنَةُ الْجِنِّ وَ الْإِنْسِ لَیْسَ فِیهَا لِسَانُ نَبِیٍّ عَلَى أَنْ یُبَیِّنُوا التَّوْحِیدَ بِمِثْلِ مَا أَتَى بِهِ بِأَبِی وَ أُمِّی مَا قَدَرُوا عَلَیْه

Bu xütbə (İmam Əli əleyhissəlamın) məşhur xütbələrindəndir. Hətta bu xütbə əhli-sünnə yanında da geniş yayılmışdır. Tovhid elmi axtarışında olan hər bir kəs bu xütbədə olanları başa düşsə və təfəkkür etsə,  bu, ona kifayət edər. Əgər tovhidi bəyan etmək üçün cin və insanların dili birləşsə və onların arasında bir peyğəmbər dili olmasa, heç biri atam və anamın fəda olduğu (İmam Əli əleyhissəlam) kimi onu bəyan edə bilməzlər.

Kafi, c.1, səh.136

 

Kamal Heydəri Əllamə Kuleyninin (r) bu sözlərini oxuduqdan sonra belə deyir:

Kuleyninin sözünün mənası nədir? Yəni orada (cinlərin və insanların içində) bir peyğəmbər dili olsa, (Həzrət Əli) kimi bəyan edə bilməz? Edə bilər. Çünki Əlinin onlardan üstün olması sabit olmayıb.

 

Gəlin ilk öncə Kuleyninin (r) sözlərini incələyək və görək bu sözlərdən doğrudan da Kamal Heydərinin dediyi başa düşülürmü?! Kuleyni (r) bu sözləri İmam Əlinin (əleyhissəlam) tovhid barədə olan bir xütbəsini nəql edərkən yazır. O, deyir:

Əgər tovhidi bəyan etmək üçün cin və insanların dili birləşsə və onların arasında bir peyğəmbər dili olmasa, heç biri atam və anamın fəda olduğu (İmam Əli əleyhissəlam) kimi onu bəyan edə bilməzlər.

Yəni bütün cin və insanlar bir araya gəlib tovhidi izah etmək istəsələr, onu İmam Əlinin (əleyhissəlam) bu xütbədə bəyan etdiyi kimi izah edə bilməzlər. Əlbəttə bu şərtlə ki, o sözlərin içində bir peyğəmbər kəlamı olmasın. 

Kuleyninin (r) dediyi budur. İndi buradan nə başa düşülür? Başa düşülən budur ki, əgər həmin cin və insanların bəyanında bir peyğəmbər kəlamı olsa, onlar tovhidi bu xutbədəki kimi bəyan edə bilərlər. Bu sözlərin harasından başa düşülür ki, "Həzrət Əli (ə) əvvəlki peyğəmbərlərdən məqam cəhətdən aşağıdır"?! Başa düşülən yalnız budur ki, onların içərisində bir peyğəmbər sözü olsa, bu xutbə kimi bir xütbə ərsəyə gətirə bilərlər. Əks halda belə bir xütbə söyləmələri qeyri-mümkündür.

Yəni İmam Əlinin (əleyhissəlam) bu xütbəsi o qədər dərin və elmidir ki, cin və insanlar yalnız hansısa bir peyğəmbər köməyinin vasitəsilə belə bir xütbə söyləyə bilərlər. Zərrə qədər ağlı və insafı olan hər bir şəxs başa düşür ki, Kuleyninin (r) bu sözlərində İmam Əlinin (əleyhissəlam) digər peyğəmbərlərdən fəzilət cəhətdən aşağı olmasına dəlalət edəcək heç bir şey yoxdur!

 

Kamal Heydəri bunu demək istəyir ki, başqa bir peyğəmbər də İmam Əlinin (əleyhissəlam) bu xutbəsi kimi bir xütbə söyləyə bilirsə deməli, İmam Əli (əleyhissəlam) ondan üstün deyil. Halbuki, bu cümlənin mənası belə deyil. Əvvəla Kuleyni (r) peyğəmbər kəlamlarını ona görə istisna edir ki, çünki onların da dediyi ilahi bir kəlamdır. Buna görə də onlar bu xutbə kimi bir xütbə söyləyə bilərlər. Diqqət edək ki, Əllamə (r) məhz bu xütbədən danışır. Başqa bir peyğəmbər İmamın (əleyhissəlam) bu xütbəsi kimi bir xütbə deyə bilirsə bu o demək deyil ki, o, İmamdan (əleyhissəlam) üstündür. Uzağı deyə bilərik ki, eyni dərəcədədir. Halbuki, diqqət etsək heç bu məna da anlaşılmır. Çünki, söhbət məhz bu xütbədən gedir. Əllamə (r) demir ki, bu xutbə İmam Əlinin (əleyhissəlamın) söyləyə biləcəyi ən üstün xütbədir. Bəlkə o, tovhidi bəyan edən elə bir xütbə deyər ki, heç əvvəlki peyğəmbərlər belə onun mislində bir xütbə deyə bilməzlər. 

 

Əllamə Kuleyninin (r) sözlərinin daha yaxşı başa düşülməsi üçün bir misal vuraq. Fərz edək ki, bir nəfər belə deyir:

"Rüstəm çox güclü bir pəhləvandır. Onun qaldırdığı bu daşı bütün cin və insanlar bir yerə yığışsalar belə qaldıra bilməzlər. Bu şərtlə ki, onların arasında heç bir başqa pəhləvan olmasın."

İndi bir nəfər gəlib "sənin bu sözündən belə başa düşülür ki, digər pəhləvanlar Rüstəmdən daha güclüdür"-desə, gülünc olmazmı? Axı bu sözün mənası budur ki, cin və insanlar həmin daşı yalnız başqa pəhləvanın köməyi ilə qaldıra bilərlər, əks halda isə bunu bacarmazlar. Daha mənası bu deyil ki, Rüstəm digər pəhləvanlardan zəifdir. Ümumiyyətlə hansı ağıl sahibi bu mənanı başa düşə bilər?! Yalnız bunu demək olar ki, bəli mümkündür ki, başqa bir pəhləvan da bu daşı qaldıra bilsin. Amma bu yenə də o demək deyil ki, həmin pəhləvan Rüstəmdən güclüdür. Çünki, o, məhz bu daşı qaldıra bilib. Bəlkə Rüstəmin qaldıra biləcəyi elə bir daş var ki, başqası pəhləvan belə olsa onu qaldıra bilməz.

 

Deməli Kuleyninin (r) bu sözlərindən əks mənanı başa düşən ya doğrudan da cahil və ağılsızdır, ya da qəsdən Kuleyninin (r) adına yalan danışır. 

 

Əllamə Kuleyninin (r) İmam Əlinin (əleyhissəlam) məqamı barədə əqidəsi

Yazımızın bu hissəsində Əllamə Kuleyninin (r) İmam Əli (əleyhissəlam) barədə əqidəsini elə Kamal Heydərinin öz sözləri əsasında isbat edirik.

 

Kamal Heydəri dəfələrlə etiraf edib ki, Əllamə Kuleyni (r) "Kafi" kitabında olan bütün hədisləri səhih bilir.

Məsələn, Kamal Heydəri "fiqhul-mər`ə" dərslərinin 73-cü hissəsində belə deyir:

وهکذا تعالوا معنا إلى الکلینی المجلد الأول طبعة مرکز دار البحوث فی صفحة 16 قال: ویأخذ منه من یرید علم الدین والعمل بالآثار الصحیحة عن الصادقین والسنن القائمة التی علیها العمل وبها یؤدى فرض الله هذه شهادة من الشیخ الکلینی ثقة الإسلام أستاذ علم الأحادیث

Habelə gəlin birlikdə Kuleyniyə müraciət edək. ("Kafi" kitabı) cild 1, "Darul-buhus" mərkəzinin nəşri, səhifə 16-da deyir: "Din elmini əldə etmək istəyən, sadiqlərdən (məsumlardan, yaxud doğru danışan şəxslərdən) nəql edilmiş səhih xəbərlərə və əməl edilməsi vacib olan sünnəyə-hansı ki, Allahın vacibi onunla əda edilir- əməl etmək istəyən kəslər (həmin istədiklərini) bu kitabdan ("Kafi" kitabından) götürə bilərlər." (Kamal Heydəri deyir) Bu siqətul-İslam hədis ustadı Şeyx Kuleyninin ("Kafi" barədə) şəhadətidir.

Mənbə: Kamal Heydərinin rəsmi internet səhifəsi

http://alhaydari.com/ar/2018/02/64878/

 

"Şurutul-mərcəiyyə" adlı dərsinin 23-cü hissəsində isə belə deyir:

وهم یصرحون فی مقدمة کل کتاب أننا لا ننقل إلا الآثار الصحیحة

Onlar (Tusi, Səduq və Kuleyni) kitablarının müqəddiməsində açıq-aşkar bildirirlər ki, "biz yalnız səhih xəbərləri nəql edirik".

Mənbə: Kamal Heydərinin rəsmi internet səhifəsi

http://alhaydari.com/ar/2016/05/57942/

 

Deməli, Kamal Heydəri özü də qəbul edir ki, Əllamə Kuleyni (r) "Kafi" kitabında nəql etdiyi hədisləri səhih bilir və onun əsasında əqidə qurmağı düzgün hesab edir. 

Elə isə, Əllamə Kuleyni (r) "Kafi" kitabında İmam Əlinin (əleyhissəlam) digər peyğəmbərlərdən üstün olduğunu bildirən çoxlu sayda hədis nəql edir. 

Məsələn, Əllamə Kuleyni (r) öz kitabında bu başlıqda bir bab açır: "Allah öz peyğəmbərinə (s) öyrətdiyi hər bir elmi Əmirəl-mumininə (ə) də öyrətməyi əmr edirdi. O (İmam Əli), elmdə Peyğəmbərin (s) şəriki idi." 

 

Həmin babda Əllamənin (r) nəql etdiyi hədislərdən birini qeyd edirik:

 

ْ حُمْرَانَ بْنِ أَعْيَنَ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: إِنَّ جَبْرَئِيلَ ع أَتَى رَسُولَ اللَّهِ ص بِرُمَّانَتَيْنِ فَأَكَلَ رَسُولُ اللَّهِ ص إِحْدَاهُمَا وَ كَسَرَ الْأُخْرَى بِنِصْفَيْنِ فَأَكَلَ نِصْفاً وَ أَطْعَمَ عَلِيّاً نِصْفاً ثُمَّ قَالَ رَسُولُ اللَّهِ ص يَا أَخِي هَلْ تَدْرِي مَا هَاتَانِ الرُّمَّانَتَانِ قَالَ لَا قَالَ أَمَّا الْأُولَى فَالنُّبُوَّةُ لَيْسَ لَكَ فِيهَا نَصِيبٌ وَ أَمَّا الْأُخْرَى فَالْعِلْمُ أَنْتَ شَرِيكِي فِيهِ فَقُلْتُ

أَصْلَحَكَ اللَّهُ كَيْفَ كَانَ يَكُونُ شَرِيكَهُ فِيهِ قَالَ لَمْ يُعَلِّمِ اللَّهُ مُحَمَّداً ص عِلْماً إِلَّا وَ أَمَرَهُ أَنْ يُعَلِّمَهُ عَلِيّا

Humran ibn Ə`yən İmam Cəfər Sadiqdən (əleyhissəlam) nəql edir: Cəbrail bir gün Peyğəmbərə (s) iki ədəd nar gətirdi. Peyğəmbər (s) onlardan birini yedi. Digərini isə iki hissəyə böldü. Onun bir hissəsini özü yedi, digər hissəni isə Əliyə (ə) yedirdi. Sonra Peyğəmbər (s) buyurdu: "Ey qardaşım, bu iki narın nə olduğunu bilirsənmi?" (İmam Əli) dedi: "Xeyr." Peyğəmbər (s) buyurdu: "Birincisi nubuvvət (peyğəmbərlik) idi ki, ondan sənə pay yoxdur. Digəri isə, elm idi. Sən elmdə mənim şərikimsən." (Humran deyir) dedim: "(İmam Əli) elmdə Peyğəmbərin (s) necə şəriki olur?" (İmam Sadiq əleyhissəlam) buyurdu: "Allah Muhəmmədə (s) öyrətdiyi hər bir elmi Əliyə (ə) də öyrətməyi əmr etmişdi."

Kafi, c.1, səh.263

Şəkk yoxdur ki, bu hədis İmam Əlinin (ə) digər peyğəmbərlərdən üstün olduğunu bildirir. Elm cəhətdən Peyğəmbərin (s) şəriki olan bir şəxs, digərlərindən üstün olmalıdır. Çünki Peyğəmbər (s) elm cəhətdən hamısından üstündür.

 

Kitabın başqa bir yerində Əllamə (r) belə bir hədis nəql edir:

ُ أَبَا عَبْدِ اللَّهِ ع يَقُولُ إِنَّ عِيسَى ابْنَ مَرْيَمَ ع أُعْطِيَ حَرْفَيْنِ كَانَ يَعْمَلُ بِهِمَا وَ أُعْطِيَ مُوسَى أَرْبَعَةَ أَحْرُفٍ وَ أُعْطِيَ إِبْرَاهِيمُ ثَمَانِيَةَ أَحْرُفٍ وَ أُعْطِيَ نُوحٌ خَمْسَةَ عَشَرَ حَرْفاً وَ أُعْطِيَ آدَمُ خَمْسَةً وَ عِشْرِينَ حَرْفاً وَ إِنَّ اللَّهَ تَعَالَى جَمَعَ ذَلِكَ كُلَّهُ لِمُحَمَّدٍ ص- وَ إِنَّ اسْمَ اللَّهِ الْأَعْظَمَ ثَلَاثَةٌ وَ سَبْعُونَ حَرْفاً أُعْطِيَ مُحَمَّدٌ ص- اثْنَيْنِ وَ سَبْعِينَ حَرْفاً وَ حُجِبَ عَنْهُ حَرْفٌ وَاحِد

İmam Cəfər Sadiq (əleyhissəlam) buyurur: İsa ibn Məryəmə (ə) (ismi-ə`zəmdən) iki hərf verilmişdi və o, o iki hərfə əsasən əməl edirdi. Musaya (ə) 4 hərf, İbrahimə (ə) 8 hərf, Nuha (ə) 15, Adəmə (ə) isə 25 hərf verilmişdi. Allah-təala Muhəmməd (s) üçün bu hərflərin hamısını 72 qərar verdi (yəni ona "ismi-əzəm"dən 72 hərf öyrədildi). Allahın "ismi-əzəm"i 73 hərfdən ibarətdir. Peyğəmbərdən (s) bir hərf gizlin saxlanılmışdır (yəni, onun elmi ona öyrədilməyib).

Kafi, c.1, səh.230

Bu hədis şəksiz və şübhəsiz Peyğəmbərin (s) digər bütün peyğəmbərlərdən üstün olduğunu bildirir. Elə isə, digər hədislərdə isə Əllamə (r) belə nəql edir:

İmam Baqir (ə) buyurdu:

 

َ نَحْنُ عِنْدَنَا مِنَ الِاسْمِ الْأَعْظَمِ اثْنَانِ وَ سَبْعُونَ حَرْفا

"Bizim yanımızda "ismi ə`zəm"dən 72 hərf var."

Kafi, c.1, səh.230

Deməli, Kuleyniyə (r) görə bütün imamlar (ə) da digər peyğəmbərlərdən üstündürlər. Çünki digər peyğəmbərlərdən daha elmli olmaq elə daha üstün və daha fəzilətli olmaq deməkdir. Bunu Kamal Heydəri də qəbul edir. Çünki, o, söhbətlərinin birində belə deyir:

فالافضلیة بملاک الاعلمیة

Üstünlükdə meyar daha elmli olmaqdır.

Mənbə: Kamal Heydərinin rəsmi internet səhifəsi

http://alhaydari.com/ar/2011/10/11216/

 

Ümumiyyətlə "Kafi" kitabının "kitabul-huccət" bölməsini oxuyan hər bir şəxs əmin olar ki, Əllamə Kuleyni (r) nəinki yalnız Əmirəl-muminin İmam Əlini (əleyhissəlam), hətta bütün imamları (əleyhimussəlam) əvvəlki peyğəmbərlərdən üstün bilir. Bunun üçün xüsusi elmə və savada ehtiyac yoxdur. 

 

Deməli, əvvəla Kuleynidən (r) nəql edilən sözlər heç bir vəchlə əvvəlki peyğəmbərlərin İmam Əlidən (ə) üstün olduğuna dəlalət etmir. İkincisi isə, "Kafi" kitabını oxuyan hər bir ağıllı şəxsə məlumdur ki, Kuleyninin (r) əqidəsi Kamal Heydərinin uydurduğu yalanın əksinədir. 

 

ihticac.com