Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

İslam Peyğəmbəri (sallallahu əleyhi və alihi) buyurur: "Məndən sonra şübhə və bidət əhlini gördükdə onlardan açıq şəkildə bəraət (bezarlıq) edin." (Vəsailuş-şiə, c. 16, səh.267)

 

Əziz möminlərin diqqətinə çatdırırıq ki, son günlərdə azğın Kamal Heydəri ətrafında gedən qarşılıqlı yazışmalarda qarşı tərəf "təkfirçi" deyərək bizi təhqir etmişdi. Biz də onların bu təhqirinə cavab vermişdik. Amma bu qarşılıqlı yazışma möminləri narahat etmişdi. Buna görə də dünən (04.04.2018) Mübariz Rəhimov adlı qardaşımız facebook`da bu barədə video çıxışını paylaşmış və bu gün isə saytımızın e-mail ünvanına yazılı şəkildə müraciət etmişdir. Bu səbəbdən dolayı bu barədə biz də öz fikrimizi bildirməyi zəruri hesab edirik.

 

Əvvəlcə Mübariz Rəhimov qardaşımıza belə bir təklif irəli sürdüyünə görə dərin minnətdarlığımızı bildirir və Allahdan onun müvəffəqiyyətini diləyirik. Amma qardaşımıza belə bir kiçik məsləhət də vermək istəyirik:

 

Əziz Mübariz Rəhimov qardaşımız, əgər bundan sonra da bir daha hansısa iki tərəf arasında vasitəçilik etməli olsanız məsləhət edirik ki, dünənki tarixdə bizə ünvanladığınız video çıxışdakı kimi bir vasitəçilik olmasın. Bəlkə də bizdən başqası olsa idi sizin bu video çıxışınızı özünə təhqir sayıb heç vaxt sizə müsbət cavab verməzdi. Amma biz hüsnü-zənn edərək düşünürük ki, siz bu yazışmalardan tam xəbərdar deyilsiniz deyə nəticədə belə bir çıxış etmisiniz. 

 

İlk öncə bunu qeyd edək ki, biz bu işi görməkdə, yəni, Kamal Heydərinin azğınlığını, din və məzhəbimiz üçün təhlükəli bir şəxs olmasını ölkəmizdəki möminlərə təbliğ etməkdə, öz nəfsimizə və şəxsi istəklərimizə yox, böyük mərcəi-təqlidlərmiz olan Ayətullah Safi Gülpayiqani, Ayətullah Şeyx Vəhid Xorasani, Ayətullah Şeyx Bəşir Nəcəfi, Ayətullah Seyyid Haşim Şahrudi, Ayətullah Seyyid Sadiq Ruhani və s. həmçinin elmi hövzələrin böyük ustadları Şeyx Nəcmuddin Təbəsi, Seyyid Əli Milani, Huseyn Huseyni Şahrudi, Muhəmməd Cavad Burucerdi, Muhəmməd Cavad Fazil Lənkərani, Muhəmməd Ğərəvi, Muhsin Fəqihi, Əli Kurani və günümüzün digər böyük alim və ustadların yoluna və onların Kamal Heydəri barədə verdikləri bəyanatlarına tabe olaraq bunu etmişik. Budur ki, bu təbliğimizə görə bizi ittiham etmək həqiqətdə böyük mərcəi-təqlid alimlərimizi və digər müctehid və ustadlarımızı ittiham etməkdir.

 

Əziz Mubariz Rəhimov qardaşımız. Video çıxışınızda neçə yerdə qeyd etmisiniz ki, bu söhbətlər bir fəqih ətrafında gedir. Zahirdə məlum olan budur ki, siz fəqih deyərkən Kamal Heydərini nəzərdə tutmusunuz! Şübhəsiz ki, fəqih sözünün müctehidə deyildiyini bilirsiniz. Əziz qardaşımız, siz özünüz facebook`da insanlara şəri məsələlər barədə cavab verirsiniz. Heç şübhə yoxdur ki, risalənin əvvəlində qeyd olunmuş "müctehidi tanımağın yolları"nın nədən ibarət olduğunu da bilirsiniz və bilirsiniz ki, bir şəxsin yalnız özünün özünə müctehid və fəqih deməsi ilə onun müctehidliyi sabit olmur. Lütfən bizə bildirin ki, siz risalədə qeyd olunan hansı mötəbər yollardan istifadə edib o şəxsi fəqih adlandırmısınız? Axı siz özünün şəri məsələləri bilən və təbliğ edən bir şəxssiniz. Görəsən sizin əlinizdə hansısa bir xibrə əhlinin Kamal Heydərinin müctehid olması barədə bir sözü varmı? Bizim əlimizdə isə Ayətullah Şeyx Fəyyaz, Ayətullah Haşim Şahrudi, Ayətullah Sadiq Ruhani, Ayətullah Əli Əkbər Hairi, Ayətullah Seyyid Milani, Ayətullah Muhəmməd Cavad Fazil Lənkərani, Ayətullah Yəsribi, Ayətullah Muhəmməd Təqi Şəhidi, Ayətullah Gənci, Seyid Haşim Haşimi, Şeyx Əli Kurani və s. kimi böyük alimlərin onun müctehid olmaması barədə bəyanatları var. Bu barədə bu cür xibrə əhlinin sözü ola-ola, onun əleyhinə böyük alimlərmizin və elmi hovzə ustadlarının sözü ola-ola onların bu sözlərini və bəyanatlarını ayaqlar altına ataraq bu şəxsə necə fəqih deyirsiniz axı?? Ona fəqih deməyə bir şəri əsasınız varmı?

 

Daha sonra isə çıxışınızda ortada təhqirin olmasından danışırsınız. Və bu təhqirin bizim tərəfdən baş verdiyini iddia edirsiniz. Guya biz "Əllamə Kamal Heydəri" səhifəsinin adminlərini xüsusən Samir Azizovu və onlara kömək edən Təbriz Qasımovu təhqir etmişik. Əgər siz aranı düzəltmək fikrindəsinizsə gərək ədalətli davranıb tərəfkeşlik etməyəydiniz. Əgər tərəfkeşlik etməyib yazışmalara doğru-dürüst baxsaydınız görərdiniz ki, bizim onlara sərt yazmağımızın səbəbi onların bizi bir məqalədə azı 7 dəfə "TƏKFİRÇİ" adlandıraraq təhqir etmələri olub. Axı nəyə görə bizim təhqirə cavab olaraq verdiyimiz cavabı bizim tərəfdən başladılmış bir təhqir olaraq insanlara təqdim edirsiniz?? İnsafla deyin bu ədalətdəndirmi?? İki dəstə arasında bu yolla mehribançılıq yaratmaq istəyi məntiqə uyğundurmu? 

 

Yenə də bütün bunlara baxmayaraq biz sizin bu təklifinizə cavab veririk və bu barədə öz fikrimizi bildiririk. 

 

Əvvəla çıxışınızdan və bizə ünvanlanan yazınızdan belə məlum olur ki, siz burada bizə bir tərəfli olaraq diqtə etmək istəyirsiniz. Qeyd edək ki, əgər saytımızın "HAQQIMIZDA" bölməsinə daxil olsanız görərsiniz ki, bizim saytın yaranma səbəbi nədən ibarətdir? Qeyd etdiyiniz səhifə, yəni, "Əllamə Kamal Heydəri" səhifəsi bizim saytdan sonra yarandığı halda, onun bağlanması ilə bizim saytın da bağlanmasını necə tələb edə bilərsiniz? Əgər bilmirsinizsə deyək ki, bu səhifə bizim sayt açıldıqdan bir neçə gün sonra məhz bizim saytla mübarizə etmək üçün açılıb. İndi isə bağlayıblar. Təqdirəlayiq bir əməldir. Azğın bir şəxsin təbliğini dayandırdıqları üçün onlara təşəkkür edirik.

 

Amma biz neçə dəfə demişik ki, bizim bu saytı açmaqda məqsədimiz Kamal Heydərinin Azərbaycandakı möminlərə tanıtdırılması və onun təbliğinin qarşısının alınmasıdır. Hələ ki, Azərbaycanda bu şəxsin təbliği gedir. 313 saytı onun kitabını çıxartdırıb gecə-gündüz reklam edərək (istəsələr də istəməsələr də) Kamal Heydərini təbliğ edirlər. Biz  də bu təbliğləri görüb vaxtında qarşısını almaq üçün bu saytı açmaq məcburiyyətində qalmışdıq. 

 

Bir daha deyirik bu söz-söhbət "Əllamə Kamal Heydəri" səhifəsinə görə deyil, məhz 313 saytının Kamal Heydərinin kitabını tərcümə elətdirib çap etdirməsi ilə və onu öz saytlarında reklam etməsi ilə başlayıb. Əlbəttə HAQQIMIZDA bölümündə də qeyd etmişik ki, bir tək bu kitab səbəb deyil saytın açılmasına. Bu kitabın çıxması sadəcə olaraq son hədd olub. Buna görə də "Əllamə Kamal Heydəri" səhifəsini bəhanə edib əsas söhbətin üstünü örtmək lazım deyil.

 

İndi siz bizə deyirsiniz ki, filan səhifə bağlandı deyə gəlin siz də bu saytınızı bağlayın, çünki Kamal Heydərinin təbliği artıq dayanıb. Halbuki Kamal Heydərinin təbliği dayanmayıb. Və bizim saytımız həmin siz dediyiniz səhifəyə görə yox, məhz Kamal Heydərinin təbliğinin aparılmasına görə olub. Bu təbliği isə, siz deyən səhifədən əvvəl 313 saytı aparıb, hələ də aparır. Əgər heç əvvəldən bu təbliğlər olmasaydı biz də bu saytı açmaq məcburiyyətində qalmazdıq.

 

Bütün bunlardan sonra biz öz sözümüzü deyirik:

 

"Əllamə Kamal Heydəri" səhifəsi bağlandığı üçün biz də öz saytımızdan onlar barədə yazılmış bütün yazıları, o cümlədən Samir Azizovun adıyla bağlı bütün yazıları silirik. Lakin ortada bir nəfər zamin şəxs istəyirik ki (məsələn, bu şəxs Mübariz Rəhimov qardaşımız olar bilər), o səhifənin bir daha bərpa edilməyəcəyinə və Samir Azizovun bir daha Kamal Heydərinin təbliğatını aparmayacağına zəmanət versin. Zamin şəxs istəməkdə isə, səbəb budur ki, bu yaxın günlərdə bir qardaşa Kamal Heydərinin əleyhinə yazılmış məqalələri paylaşmağı bir qrupda icazə vermişdilər, daha sonra isə həmin qrup sözlərinə əməl etməmişdi. Əgər bu şərtimizə razıdırlarsa, biz onlar barədə olan butun yazıları saytımızdan silməyə razıyıq.

 

Saytımızın bağlanmağına gəlincə isə sayt bağlanmayacaq. Çünki hal-hazırda Azərbaycan dilində Kamal Heydərini təbliğ davam edir. Məsələn, youtube`də Kamal Heydərini təbliğ edən çoxlu sayda videolar mövcuddur. Həmçinin onun adından kitab çap edilib satışa verilmişdir. O videoların hamısı tam şəkildə silindikdən sonra və o kitabların hamısı yox edildikən sonra biz bu saytı bağlaya bilərik. Amma məlum məsələdir ki, bu dediklərimizi etmək hal-hazırda qeyri-mümkündür. Çünki bu videoları bir yox, bir neçə səhifə və kanallar düzəldib. Həmçinin o kitablar da artıq bir çoxlarının evlərində var. Buna görə də onun müqabilində Kamal Heydərinin əsl simasını tanıtdıran materiallarımız saytda necə varsa elə də qalacaq və heç biri silinməyəcək. Çünki necə ki həmin videolar və kitablar Kamal Heydərini təbliğ edir, eləcə də bizim materiallar əl çatası olmalıdır ki, insanlar bu şəxsin əslində kim olduğunu öyrənə bilsinlər. 

 

Saytımızda 313 saytının da adı qeyd olunduğu üçün onlar barədə də müəyyən şərtlərmiz var:

 

O da budur ki, əgər 313 saytı özləri ilə bağlı bütün məlumatların saytımızdan silinməsini istəyirlərsə, aşağıdakı şərtə riayət edəcəkləri təqdirdə biz o məlumatları silməyi söz veririk:

 

Bildiyimiz kimi 313 saytının Azərbaycanda Kamal Heydərinin təbliğ edilməsində rolu vardır. Bu şəxsin çoxlu sayda video tərcümələri düzəldilmiş və bu yaxınlarda məlum kitabı çap etdirmişdilər. Əlbəttə hal-hazırda bunun qarşısını ala bilməzlər. Lakin əgər bu təbliğlərinin qismən də olsa qarşısını almaq istəyirlərsə, heç olmasa öz saytlarında və qruplarında kiçik həcmli də olsa Kamal Heydərinin təhlükəli və azdırıcı fikirlərə malik olduğu bir şəxs olması və şiə alimləri tərəfindən əleyhinə bəyanat verildiyi yazı şəklində qeyd edilsin. Bundan sonra biz onlar barədə olan hər bir məlumatı saytımızdan silməyə razıyıq. Əlbəttə burada da ortada zamin olacaq bir şəxs tələb edirik. 

 

Əgər siz də öz təklifinizdə səmimisizsə və həqiqətən söz-söhbətlərə son qoymağa maraqlısınızsa o zaman biz tərəfdən edilən təkliflər daxil olmaqla qarşılıqlı bu razılaşmaya gələk və bu söz-söhbətlərə son qoyaq!

Bir daha deyirik saytdan yalniz dediyimiz şeylər qeyd etdiyimiz şərtlərlə silinə bilər. Lakin digər məlumatlar silinməyəcək. Çünki insaf və ədalət də bunu tələb edir ki, əgər ortada Kamal Heydərini müsbət cəhətdən təbliğ edən materiallar varsa, onun müqabilində də həqiqəti çatdıran materiallar olmalıdır ki, həqiqət itməsin!! 

 

Allah bizləri və sizləri haqqa hidayət etsin və Muhəmməd və ali-Muhəmmədin yolunda sabitqədəm etsin.

 

ihticac.com