SEYYİD HƏKİMƏ (h) ATILAN İFTİRAYA CAVAB


Allahın salamı olsun Muhəmməd və onun pak Əhli beytinə.

Allahın sonsuz salamı olsun zəmanəmizin Məsum İmamı Həzrət Höccət ibni Həsənə.

Allahın salamı olsun Muhəmməd və Ali Muhəmmədin şiələrinə.

Allahın əbədi lənəti olsun onların düşmənlərinə və düşmənlərini dost tutanlara.


Əziz möminlər! Son zamanlar elm iddiası edən, özünü qətiyyən layiq olmadığı məqamlara nisbət verən, haqq məzhəbi zəruri etiqadlarını ya inkar edərək ya da insanların beyinlərinə şübhə ataraq zəiflədən, iddia etdiyi içtihad məqamının özündən başqa elmi hövzələrin heç bir böyük ustadı tərəfindən – hətta özünü nisbət verdiyi Şəhid Seyyid Baqir Sədrin dəsti xəttinin davamçılarından olan alimlər tərəfindən belə - qəbul olunmayan, bizim məzlum cəmiyyətə isə Ayətullah, Əllamə və sair kimi şişirtmə adlarla təqdim olunan Kamal Heydəri adlı şəxs və onun davamçıları etdiyi iddialara haqq qazandırmaq üçün qollarını çırmalayaraq yaman canfəşanlıq etməyə başlamışlar. Təsadüfi deyil ki, bu şəxsin haqq məzhəbə vurduğu və vurmaqda davam etdiyi zərərlərdən məlumatlı olan ali məqamlı təqlid mərcələrindən bir neçəsi həmin şəxsin fikirlərinin azdırıcı və məzhəbə uyğun olmayan fikirlər olduğunu onlara ünvanlanmış suallara verdikləri cavablarda açıq – aşkar bəyan etmişlər. Bu şəxsin Azərbaycanda təbliğatçılarından olan bir qrup şəxs onun israr və kor təəssüblə etdikləri müdafiəsindən əl çəkməyərək, əksinə, təbliğatını genişləndirmək üçün sosial şəbəkələrdə səhifələr açaraq Kamal Heydərinin təbliğini daha da genişləndirmişlər. Bu şəxslərin başında duran bir qrup tələbələr həm bu mövzularda , həm də digər mövzularda dəfələrlə fiaskoya uğramaqlarına baxmayaraq öz təəssüblərindən əl çəkməyiblər. Kamal Heydərinin müdafiçilərindən olan Samir Əzizov və onun kimi şəxslər dəvət olunduqları elmi münazirədə biabırçılıqla üzləşib bəhsi davam etməməklə yanaşı, cahil olduqlarını etiraf etdikləri məsələlərə rəğmən Kamal Heydərini yenə də müdafiə edirlər. Təbii ki, sadə möminlər bu əməli alimin müdafiəsi və ya əks təbliğatın nəticəsi olaraq “TƏKFİRÇİ” adı qoyduqları şəxslərin "təkfir"indən qorunması kimi yarğılaya bilər. Kaş bu cür olaydı. Tezliklə bəhs əsnasında bu şəxslərin bu niyyətdən nə qədər uzaq olduqlarını görəcəksiniz. 


İlk öncə demək istərdik ki, bu məqalənin əsas yazılma səbəbi Müqəddəs hədis irsimizin Kamal Heydəri və onun kimi hədis “İŞİD”çilərindən qorunmasıdır. İkinci səbəb isə, Kamal Heydəri və onun ardıcıllarının böyük alim Seyyid Muhəmməd Səid əl-Həkim və onun timsalında başqa böyük alimlərimizin sözlərini təhrif edərək onlara nisbət verdikləri uydurma sözlərin və fikirlərin şərrindən müdafiə etməkdir.


Dolayısıyla məqalənin yazılma səbəbi Kamal Heydərinin müdafiəçilərinin öndə gedənlərindən, daha dəqiq desək Kamal Heydərinin müdafiəçilərinin öz müdafiələrində pənah yeri olan “Şərafətli Qum elmi hovzəsinin” tələbəsi kimi tanınan Təbriz adlı Ebelfez Huseyni niki ilə sosial şəbəkə istifadəçisinin Kamal Heydərinin adına təsis olunmuş səhifədə paylaşdığı yazıdır. Həmin şəxs Kamal Heydərinin Şiə məzhəbinin zəmanəmizdəki ali məqamlı təqlid mərcələrindən olan Seyyid Muhəmməd Səid Əl-Həkimin (h) kitabına nisbət verdiyi iddianın müdafiəsinə qalxaraq, cəfəngiyyat və hüsn zənn edərək desək cəhalətlə dolu məqaləsində o əzəmətli şəxsə bilərəkdən və ya bilməyərəkdən yalan nisbət vermşdir. Belə ki, adəti alimlərimizə yalan sözlər nisbət vermək olan Kamal Heydəri özünün “Şiə hədislərinin əksəriyyəti İsrailiyyatdır” iddiasına bəraət qazandırmaq üçün görkəmli alimə- Seyyid Həkimə- iftira atmışdır. Bu yazıda biz bu şəxslərin məkrlərini üzə çıxardaraq həm elmi məsələlərdəki araşdırmalarının nə qədər bəsit və dəyərsiz olduğunu, həm də niyyətlərini üzə çıxardacağıq. 


Lakin, bundan öncə bu “əllamə” və “yarıməllamə”lərin istifadə etdiyi bəzi üslublara diqqətinizi çəkmək istərdik. Belə ki, özlərini tolerant və əxlaq nümünəsi olaraq göstərən bu şəxslər Kamal Heydərinin timsalında yaxın keçmişimizin dahi və misilsiz fəqihi, mərcəut-taifə (Şiə məzhəbinin mütləq mərcəsi) kimi tanınan, saysız hesabsız əzəmətli fəqihlər tərbiyələndirən, günümüzün müçtehidlərinin, alimlərinin, tələbələrinin və hətta bu gün minbərə çıxan xətiblərin belə boynunda birbaşa və ya dolayısıyla haqqı olan Seyyid Əbul Qasim Əl-Xoyiyə qarşı, eləcə də zəmanəmizin mərcəut-taifəsi Seyyid Əli Hüseyni Sistaniyə və digər Nəcəf və Qum elmi hovzələrindəki müçtehidlərə qarşı təhqiramiz ifadələr işlədərək, onları xarici xidmət orqanlarına işləməkdə ittiham etmişdir. Məmləkətimizin payına düşən təhqirləri isə, müridi Ebelfez Huseyni canla başla öz ünvanlarına çatdırmışdır. Tə`biri caizdirsə, səhabəni ədalətli bilib məsum İmamları söyərək öz əqidəsinə belə ehtiram qoymayan Nasibilər kimi, bu şəxslər də guya İmamları örnək alaraq “söyülsən də söymə” şuarını bayraq etsələr də, lakin, əllərinə düşən ilk fürsətdə camaata “kişilik” dərsi keçməyə çalışırlar. Eyni zamanda hər bir fikrə açıq olduqlarını söyləyərək, özlərinə müxalif olan şəxslərin fikirlərinə dözümsüzlük nümayiş etdirirlər. İş müşkülə düşdükdə isə məzlum qiyafəsinə bürünürlər. Bu şəxslərin xarizmaları haqqında qısaca xatırlatma idi.


İndi isə keçək cənab "yarıməllamənin" yazısının təhlilinə və və`d verdiyimiz dəlillərin təqdimatına. İlk öncə deyim ki, mövzunu məqalədəki mətnin ardıcıl təhlili üzərində qurduğumuz üçün bir qədər də cənab "yarıməllamə"nin məqaləsində vurğuladığı lazımsız nüanslara toxunmaq məcburiyyətində qalacağıq. Bu qarşı tərəfin səviyyəsinə görə tərtib olunmuş məqalədə, istəmədən də olsa bir az elmi məlumatları yubatmalı olacağıq. Bu isə həmin şəxsin məqaləsinin çox görülməsi üçün “çevir tatı, vur tatı” misalı nala-mıxa vurduğuna görədir. Bu uzunçuluğa görə bəri başdan bizi üzrlü bilərsiniz inşallah.

 

Beləliklə, qarşı tərəfin məqaləsinin mətninə nəzər salaq.

 

Feysbukda paylaşdığım statusların birində, rəy bölümündə hədislərin təhrif edilməsi barədə Nəcəf hövzəsinin təqlid mərcələrindən olan Ayətullah Seyyid Səid Әl-Həkimin görüşünü qeyd etmişəm. "İhticac.com" adlı sayt bu rəyimi screen edib "Qum tələbəsi" başlığı altında paylaşıb. Paylaşımın başlığından məlum olur ki, xəbər paylaşan dəstə adətləri üzrə məsələni elmi müzakirə müstəvisindən çıxardaraq şəxs üzərində qurublar. Әks təqdirdə, paylaşıma "Qum tələbəsi" başlağı atmağa başqa anlam vermək olmur. Hamı bilir ki, mən, ilk hövzə təhsilimi Nəcəfdə almışam, hətta, Nəcəfdə oxuduğum üçün özümə "Nəcəfi" təxəllüsünü seçmişəm. Hazırda Qum şəhərində təhsil almağım o demək deyil ki, həmin dəstə bunları görməməzlikdən gəlsin. Әn azı Nəcəf və Qum tələbəsi yaza bilərdilər. Görünür həmin dəstə hörmətsizlik etməyi nəzərdə tutublar. Bunların bir sonrakı paylaşımlarda Nəcəf hövzəsindən qabaq BDU universitətində oxuduğumu əsas tutaraq "Bakı tələbəsi" ünvanı ilə yazlar paylaşdığını görsəniz təəccüblənməyin!

Məşhur atalar sözünü bu cür demək mümkün olsa idi, deyərdik ki, “Mürşidi gəzən ağacı, müridi budaq-budaq gəzir.” Əzizlər! Təsadüfi deyil ki, Kamal Heydəri kimi biri “Mənim etiqadım budur ki, şiə aləmində məndə olan xarizma heç kimdə yoxdur” deyəndə, onun müdafiəçisi olan biri də bu cür ad davası eliyər. Sizdən kiçik xahişim budur ki, zəhmət olmasa Peyğəmbər (s) və İmamların (ə.s) əshabından tutmuş zəmanəmizin alimlərinə qədər bu sözləri özü barəsində demiş bir kəs tapsanız bizə də xəbər edin. Və ya oxuduğu bütün hövzələrin təxəllüsündə qeyd olunmadığını özünə hörmətsizlik bilən bir alim və ya tələbə nümunəsini tapsaz bizə də bildirin. Görünür cənab "yarıməllaməyə" Müqəddəs Qum hovzəsinin hörməti kifayət etmir. Təsəvvür edirsinizmi ki, öz zəmanəsinin dahisi, kitabı bu gün də elmi hövzələrdə tədris olunan, dəyərli “Kifayə” adı ilə tanınan “Kifayətul-usul” kitabının müəllifi, mərhum Şeyx Axund Muhəmməd Kazim Xorasani Məşhəd, Nişapur, Tehran, Nəcəf, Samirra və ziyarət zamanlarında Kərbəla şəhərindəki dərslərdə iştirak etdiyi üçün, kiminsə onu “Şeyx Axund Xorasani Nişapuri Tehrani Nəcəfi Samirrai Kərbəlayi” deyə adlandırmamağını özünə hörmətsizlik bilsin. Halbuki, istənilən üsul kitabında “Axund” ləqəbinin gəlməsi elm cəngavərlərinə “özünü yığışdırmağa” artıqlaması ilə kifayətdir . Bütün bunlara baxmayaraq biz müxatəbin qəlbi şad olsun deyə bundan sonra ona Təbriz Bakuvi Nəcəfi Qummi deyə işarə edəcəyik.

Təbriz Bakuvi Nəcəfi Qummi deyir :

Keçək əsas mətləbə. Xəbəri hazırlayan dəstə iddia edir ki, guya Seyyid Kamal Heydəri Seyyid Həkimin adından yalan danışır. Mən də Seyyid Kamalın bu yalan sözünü paylaşmışam. İlk öncə bu dəstənin istinad etdikləri mənbəyə baxın- İstiftaat! (dəftərxanay edilən sual-cavab) Yəni, qarayaxmaları ilə ad qazanmış bu dəstənin arasından savadlı, ərəb dilini oxuyan normal biri yoxuydumu ki, istiftaata sual göndərmək əvəzinə Seyyid Həkimin həmin kitabını açıb kitabdan sitat gətirəydilər? Həqiqətən biyabırçılıqdır!

Cənab Təbriz Bakuvi Nəcəfi Qummi “Guya Seyyid Heydəri .... yalan danışır” deməklə o şəxsi qorumağa çalışır. Cənab! Guya yox, danışır. Siz də onun yalanının üstünə yalan qoyaraq danışırsız. Niyəsi qalsın sonraya. Aşağıda qeyd edəcəm. O şəxslər ən azından vəzifələri olaraq sualı ünvanına ünvanlayıb və aldıqları cavabı olduğu kimi camaata təqdim ediblər. Doğru və yalnış olduğuna görə də heç bir məsuliyyət daşımırlar. Tezliklə aşağıda sizin Seyyid Həkimin kitabını necə açıb baxdığınıza və necə başa düşdüyünüzə işarə edəcəyik. Kitaba sizin kimi diqqətsiz yanaşmaqdansa istiftaatın daha məqsədəuyğun olduğunu yəqin özünüz də insafa gəlib qəbul edəcəksiniz.

 

 

Yenə də möhtərəm Bakuvi Nəcəfi Qummi deyir :

İstiftaata gəldikdə, qeyd edim ki, istiftaatda neçə nəfər şəxs var, kimin suala cavab verdiyi məlum deyil. Ondan əlavə cavab verən şəxsin özünün də Seyyid Həkimin sözlərini yanlış anlama ehtimalı vardır. Üstəlik istiftaatda qeyd olunan sual-cavab fars dilindədir, dəqiq araşdırmaq lazımdır görəsən sual Qumdakı dəftərə ünvanlanıb, yoxsa Nəcəfdəki. Әgər Qumdakı dəftərə ünvanlanıbsa, bu da başqa bir biabırçılıqdır!

Nə istiftaatda suala kimin cavab verməsi, nə suala cavab verənin Seyyid Həkimin sözünü başa düşüb düşməməsi, nə istiftaatdakı sualın fars və ya ərəbcə olması, nə də istiftaatın Qum yoxsa Nəcəf dəftərinə ünvanlanması məsələnin mahiyyətində heç nəyi dəyişmir. Dəftərlərin rəsmiyyəti və verilən suallara cavab vermək məsuliyyəti var. Cavab alanın öhdəsinə isə əməl edib etməmək düşür. Təəccüblüdür ki, siz Qum şəhərində çap olunan kitaba müraciət etməyinizi düz, başqalarının həmin şəhərdəki dəftərə sual göndərməyini isə biyabırçılıq adlandırırsız. Halbuki, dəftərdə xəta baş vermək ehtimalı olduğu kimi mətbəədə də bu ehtimal var. Necə ki, qeyd edəcəyim bəzi mətləblərdəki fərqi özünüz görəcəksiniz. Üstəlik sualın hansı dildə hara ünvanlanmasında heç bir biyabırçılıq yoxdur. Nə qədər ki, dəftərlər barəsində bəzi müçtehidlərdə olduğu kimi xüsusi səlahiyyətlər bölüşdürülməyib bütün dəftərlər eyni vəzifənin icraçısıdırlar və doğru və ya səhv cavaba görə də məs`ul onlardır. Qısası. Bu mənasız iradlarla sətirləri çoxaltmısız. İradınız yerində deyil.

 

 

Təbriz Bakuvi Nəcəfi Qummi buyurur :

Bundan əlavə, dediyim kimi istiftaatda oturan şəxsin suala hansı dəlilə görə cavab verdiyi məlum deyil. Bir insan istiftaatda oturursa, dediyi bütün sözlərin həmin mərcənin görüşünü təmsil etdiyini qətiyyətlə müdafiə edə bilmərik. Səbəbi isə çox sadədir. Üç il bundan qabaq Qumda Ayətullah Məkarim Şirazinin dəftərində istiftaat bölümünə getmişdim ki, bir məsələ barəsində Ayətullah Məkarimin nəzərini soruşum. İnandırım sizi istiftaatda oturan şəxslərin hərəsi bir söz dedi. Hamısı da iddia edirdi ki, müctehidin nəzəri budur. Gördüyünüz kimi istiftaatın sözü ilə nəyisə isbatlamağa çalışan dəstənin gətirdikləri dəlil bundan artıq ola bilməz!

Sual soruşana İstiftaatda oturan şəxsin dəlili yox, müçtehidin rəyi lazımdır. Heç kim istiftaatda müçtehidin rəyinin dəlillərini demək məcburiyyətində deyil. Hansı müçtehid dəlillərini məktəbə təqdim edir ki, “soruşsalar niyə belədi denən bu dəlilə görə ?!” Gətirdiyiniz səbəbə gəldikdə isə, bu vaxta qədər elmi mətləbləri anlama qabiliyyətinizə nəzər saldıqda, şəxsən mən dəftərdəki üç nəfərin ixtilaflı söz deməyindən çox, sizin üç nəfərin dediyi eyni sözü fərqli anladığınızı daha çox ehtimal edirəm. Təəssüf ki inandıra bilmədiniz. Son cümlənizə gəldikdə isə,bir daha deyirəm, onlar öz öhdələrinə düşəni ediblər. Gedin dərdinizi dəftərxanada dəftər sahibləri ilə bölüşün. Bir azdan sizin də ağız dolusu danışdığınız dəlillərinizə nəzər salacağıq.

 

 

Hörmətli Təbriz Bakuvi Nəcəfi Qummi sözlərinə belə davam edir:

Təkfir və qarayaxma fəaliyyətləri ilə ad qazanmış dəstədən fərqli olaraq mən, məsələnin həlli üçün birbaşa Seyyid Həkimin kitabına istinad edəcəyəm. Ondan sonra da qəzavət etməyi oxucunun öz ixtiyarına qoyuram. Baxın, istiftaatda qeyd olunub ki, həmin kitabda qeyd olunan söz Seyyid Həkimin öz sözü deyil, əksinə o, bu sözü sadəcə olaraq irad məqamında yazıb. 
Sizə dedim axı, istiftaatda oturanlara çox güvənməyin, hər şeyi öz mənbəsindən araşdırın. Görünür istiftaatda oturan şəxs qaş düzəltmək əvəzinə vurub göz çıxardıb. Bizim təkfirçi dəstə isə sevincək cavabın ağına-bozuna baxmadan paylaşıblar. Çünki, əsas hədəfləri qarayaxmaqdır. Məqsədləri həqiqəti tapmaq olsaydı oturub bir az cavab ətrafında düşünərdilər

Utanmadan hamını bir cərgəyə qoyaraq camaatı “Təkfirçi, qarayaxmaçı” adlandırmağı bəs deyil, hələ öyünərək Seyyid Həkimin kitabına istinad etdiyini iddia edir. Yaxşı nə deyirik ki?! İstinad et görək necə istinad edirsən. Biz də az sonra əziz oxucuları bu istinada dair qeyd edəcəyimiz iradlarla öz insafları arasında baş-başa buraxacağıq. Artıq istiftaatdakı sözün müzakirəsi mənasızdır. Fərz elədik ki, istiftaat xəta edib. Görək siz nə qədər dəqiqliklə hər şeyi öz mənbəsindən araşdırırsız.?! Əminəm ki, siz əlinizdəki kitaba görə təkfirçi adlandırdığınız şəxslərdən daha çox sevinib və ağına bozuna baxmadan paylaşmısınız. Çünki əsas hədəfiniz - bütün müqəddəsatı ayaq altına atmaq bahasına belə olsa - özünüzü təmizə çıxartmaq üçün istənilən kəsə yalan və iftira nisbət verməyinizdir. Görünən odur ki, sevincinizdən sizin də cavab ətrafında düşünməyə vaxtınız olmayıb.

 

 

Təbriz Bakuvi Nəcəfi Qummi deyir:

Cavabda olan əsas problem hardadır? Gəlin sizə əsas problemi elə Seyyid Həkimin öz kitabından dəlil-sübutla deyim. İstiftaatda qeyd olunub ki, təhriflə bağlı söz Seyyid Həkimin öz sözü deyil, irad qismində qeyd olunan sözdür və sonra həmin irada cavab verir. Yaxşı, sual yaranır ki, görəsən bu iradı kimlər edir? Həə, burası çox maraqlıdır.

Burda ayaq saxla igid! Axı sən o kitabları oxumamısan. Hə bax ona görə də , kəmər belində dayanmır. Sayılı günlər əvvəl, məhlədə döyülüb böyük qardaşını çağıran uşaqlar kimi, birinin dəvəti ilə elə Kamal Heydəri barədə olan statusa nərə çəkib hücum etmişdiniz. Axırı nə oldu? Sən demə qoçağımız nəinki Seyyid Həkimin kitablarını, heç şəxsi səhifəsində, özü haqda məlumat bölümündə, oxuduğunu iddia etdiyi hovzənin usul elmində ibtidai kitabı olan Şeyx Müzəffərin usul kitabını da fərli başlı oxumayıb. Necə deyərlər. “Uşaqda fərasətə bax a. Hamını aldadıb.” Axı şeyximiz ümum ədatlarından olan “əlif lam” istiğraqini itlaqa aid etməklə camaatı borclu çıxatdığı yetməmiş kimi, o fiaskonun xəcalət təri qurumamış nə cəsarətlə xaric bəhslərindən yığılmış usul kitabının müzakirəsinə qoşulur. Nə bilim Vallah. Utanmasan oynamağa nə var ki?! Xülasə! Axır ki, özümün də səbirsizliklə gözlədiyim məqam yetdi. Həddindən çox maraqlıdır. Gəlin görək ağayi "yarıməllamə" bizə nə dəlil gətirəcək?! 


Diqqət! Budur. Mürid həzrətləri buyurur:

Seyyid Həkim "Әl-Muhkəm fi usulil-fiqh" kitabında 3- cü cilddə, səhifə 207-də belə yazır:
‎المقام الأول: في حجج النافين..
‎فقد حكي القول بعدم حجية خبر الواحد مطلقا عن جماعة من الأعيان، كالسيدين والقاضي والطبرسي وابن إدريس، بل ربما نسب إلى المفيد والشيخ (قدس سرهما) 
"1-ci məqam: İnkar edənlərin dəlilləri.
Bir dəstə böyük alimlərdən vahid xəbərin mütləq şəkildə dəlil olmadığı hekayət olunub, Seyyideyn (Seyyid Mürtəza və Seyyid Rəzi), Qazi, Təbərsi, ibn İdiris kimi... Hətta Şeyx Mufid və Şeyx Tusiyə də nisbət verildiyi olub..." Gördüyünüz kimi, Seyyid Həkim bu sözü irad qismində yazıb deməklə iş bitmir, əksinə daha da mürəkkəbləşir. Çünki sual yaranır ki, görəsən bunu inkar edənlər kimlərdir? Seyyid Həkim yazır ki, həmin dəstə Seyydi Mürtəza, Seyyid Rəzi, Qazi, Təbərsi, İbn İdrisdir, hətta bəziləri bu sözləri Şeyx Müfid və Şeyx Tusiyə də nisbət veriblər. Mümkündür biri zirəklik edib desin ki, Seyyid Həkim burada "hekayət olunub", "nisbət verilib" sözlərindən istifadə edib. Bu ibarələr qeyd olunan fikirlərin Seyyidin yanında tam sabit olmadığını göstərir. Lakin qeyd olunan irada belə cavab vermək olar ki, həmin görüş Seyyidin yanında tam sabit olmadığını iddia etsək belə digər böyük alimlərin nəzərində sabit olub. Hətta bu barədə adları çəkilən alimlərin (Şeyx Tusi istisna) kitablarından sitat gətirmək olar. Lazım olsa bu görüşün həmin alimlərə aid olduğunu qəbul edən üsuli-əxbari alimlərinin adlarını da qeyd edərəm.

İndi isə bayaqdan müxatəbin ağız dolusu danışdığı dəlilə gəlin nəzər salaq. Başqalarını dəlillərə münasibətdə yüngül yanaşmaqda ittiham edən bu kəs, görəsən özü gətirdiyi dəlili nə qədər diqqətli araşdırıb? İndi sizlərə bir neçə nüsxə barədə məlumat verəcəm və bununla da nüsxələrin fərqlərini, hansının daha etibarlı olduğunu və cənab “alimin” üzərində dastan açdığı bəhsin özəyinin zəif olduğunu isbat etməyə çalışacağıq.

 

Əvvəlcə kitab barədə qısa məlumat verim. Kitab ilki Miladi 1994- cü ildə olmaqla dörd dəfə çap olunub. Son çapı isə 2013 - cü ildə olub. Bunun nə kimi əhəmiyyəti var? Hərçənd ki, qarşı tərəfin istifadə etdiyi nüsxə belə onun üçün əks dəlil olmağa kifayət edir. 


Qeyd edək ki, Seyyid Həkimin bu məqamda sözünə müraciət etmək üçün qarşı tərəfin istifadə edə biləcəyi mənbələr virtual və kitab şəklində olmaqla iki cürdür. Kitabın pdf forması www.narjes-library.com saytında , və digər formada bəzi internet saytlarda və “I shia books” proqramında vardır. Pdf forması 1994- cü ildə çap olunmuş kitabdır ki ondan sonra bu kitab 3 dəfə çap olunub. Sonuncu çapı isə pdf formasında internetdə görməmişik. Müxatəbin yazısında qeyd etdiyi ərəbcə mətnə əsasən ehtimal edirik ki, o, bu mətni “I shia books” proqramından götürmüşdür. Həmin proqramda isə həm 2863 rəqəmli 1994-cü ildə çap olunmuş ilk çap, həm də 5052 rəqəmli yeni və hələlik son olan 2013 –cü ildə çap olunmuş nüsxə qeyd olunub. Əlavə məlumat üçün qeyd edək ki, bu proqram böyük alim Seyyid Əli Milaninin başçılığı ilə tərtib olunmuşdur. Hər iki nüsxənin qarşısına çıxması üçün mühəqqiqimizin sadəcə ərəb hərfləri ilə “Əl- Muhkəm fi usulil-fiqh” yazması kifayət edərdi. Əgər yazıbsa və qarşısına çıxıbsa hər ikisinə müraciət etməməklə məsuliyyətsizlik etmiş olub. Axı kim boşu boşuna 6 cildlik kitabı iki ünvanda proqrama yerləşdirər?! Yox cənab "yarıməllamə" ikisinə də müraciət edib özünə sərf edəni götürübsə bu onun müəllifə qarşı ilk xəyanətidir. Əgər ümumiyyətlə müraciət etməyibsə zəhmət olmasa bundan sonra hərdən müraciət etsin. Ən azından kitabın özünə gedən vasitə olaraq. Kitabın birinci çapında "yarıməllamənin" qeyd etdiyi mətn, son çapda fərqli şəkildədir. Bu da təbii haldır. İstənilən kitab çap olunduğu zaman ya mətbəə tərəfindən baş verən xətalar ya da sonradan müəllifin kitaba əlavələri səbəbindən yeni çapda kitabda dəyişikliklərin olması dəfələrlə müşahidə olunub. Indi sizə hər iki mətni və fərqliliklərini deyəcəyik.

 

Əvvəlcə Təbriz bəyin yerləşdirdiyi mətn və tərcüməsi:


المقام الأول: في حجج النافين..
‎فقد حكي القول بعدم حجية خبر الواحد مطلقا عن جماعة من الأعيان، كالسيدين والقاضي والطبرسي وابن إدريس، بل ربما نسب إلى المفيد والشيخ (قدس سرهما

 

"1-ci məqam: İnkar edənlərin dəlilləri.
Bir dəstə böyük alimlərdən vahid xəbərin mütləq şəkildə dəlil olmadığı hekayət olunub, Seyyideyn (Seyyid Mürtəza və Seyyid Rəzi), Qazi, Təbərsi, ibn İdiris kimi... Hətta Şeyx Mufid və Şeyx Tusiyə də nisbət verildiyi olub..."

 

İndi isə yeni çapda olan mətn və tərcüməyə gəlin nəzər salaq.

 


المقام الأول: في حجج النافين..
‎فقد ذهب لعدم حجية خبر الواحد مطلقا جماعة من الأعيان كابني زهرة و ادريس, و حكي عن السيد المرتضي والقاضي والطبرسي ، بل ربما نسب إلى المفيد والشيخ (قدس سرهما

1-ci məqam: İnkar edənlərin dəlilləri
İbn Zöhrə və ibn İdris kimi böyük alimlərdən bir dəstəsi vahid xəbərin mütləq şəkildə dəlil olmadığına gedib (yəni bu rəydə olublar) , Seyyid Mürtəza, Qazi, Təbərsidən də (yəni onların rəyləri haqqında) (bu cür) hekayət olunub, hətta bəlkə (Şeyx) Mufid və Şeyxə (Tusi) də nisbət verilmişdir.


İndi gələk ilk iftiraya. “Alim” Təbriz müəllim. Hansı əsasla “Seyyideyn” sözünü Seyyid Mürtəza və Seyyid Rəzi olaraq anlayıb? Yenə Seyyid Mürtəzanın mətndə adı keçib. Bəs Seyyid Rəzini hardan əlavə elədiz? Məgər bəzi yerlərdə Seyyid Mürtəza ilə yanaşı Seyyid Rəzinin adı çəkilib deyə hər yerdə “Seyyideyn” deyiləndə mərhum Seyyid Rəzini qəbrində narahat eləməlisiz?! Ayıbdır Vallah!! Heç olmasa bir neçə cümlə aşağını da oxuyun. Hətta köhnə çapda ad qeyd olunmasa da, heç olmasa mətnin daxilində kitablardan şahidlər gətirilənə qədər gözlərinizi yorsaydınız Seyyid Mürtəza ilə yanaşı qeyd olunan şəxsin "Ğunyətun nuzu" kitabının müəllifi əzəmətli alim Seyyid ibn Zöhrə (Seyyid Həmzə ibn Əli ibn Zohrə əl-Hələbi (511-585)) olduğunu görərdiniz. Təbii ki, məqsədiniz qarayaxma olmasa idi. Arada mərhum Seyyid Rəziyə də ilişdiniz. Özü də gör neçə yerdə. Kitaba belə müraciət edərlər ay “yarıməllamə”?! Təzə çapdan heç danışmıram.


Bundan başqa gördüyünüz kimi qarşı tərəfin qeyd etdiyi mətndə adı çəkilən alimlərin heç birinə qəti şəkildə vahid xəbərin höccət olmaması rəy olaraq nisbət verilməyib. Yəni özünün də duyuq düşüb qeyd elədiyi kimi Seyyid Həkimin yanında bu iddialar sabit deyil. Yəni Seyyid Həkim (h) onların heç birinə nəsə nisbət verməyib. Necə deyərlər “İmanımı yandıra bilmərəm” düşüncəsi ilə onların barəsində hekayət olunduğunu deyir. Buna rəğmən də Seyyidin ehtiyat edərək nisbət vermədiyi məsələni yarıməllaməmiz “İslanmışın yağışdan nə qorxusu” düşüncəsi ilə nəinki adı çəkilən böyük alimlərə hətta Seyyid Həkimin özünə belə nisbət verməyə cəhd göstərib. Ən acınacaqlısı odur ki, dəftərin cavabını etibarsız bilib qəbul etməyib kitabdan dəlil gətirdiyini deyən şəxs dəftərin qeyd etdiyi “İrad qismində” sözünə görə o qədər dastan yazıb. Kitabdan gətirdiyi isə yuxarıda gördüyünüz kimi Seyyidin bu sözü deməsinə heç bir cəhətdən dəlalət etməyən cümlələrdir. 


Lakin bizim qeyd etdiyimiz nüsxədə, yəni son çapda isə Seyyid (h) açıq aşkar ibn Zöhrə və ibn İdris kimi alimlərimizə vahid xəbərin höccət olmaması fikrini nisbət verib. Bir halda ki, ibn Zöhrənin adı əvvəlki nüsxədə aşkar şəkildə yox idi, ibn İdris və yeni nüsxədən "adı çıxarılan" Təbriz bəyin "əlavə elədiyi" Seyyid Rəzi isə barəsində hekayət olunanların cərgəsində idi. Yerdə qalanları barəsində isə sözü əvvəlki sözü ilə eynidir: “Hekayət olunur, nisbət verilir.”

 

Ömrünü uşaqlığından elmə həsr etmiş biri olaraq Seyyid əl-Həkimin nisbət verməyə ehtiyat etdiyi sözü Təbriz bəy elə cəsarətlə “lazım olsa kitablarından gətirərəm” deyir ki, sanki kitablarına müraciət etsə o alimlərin bəhslərini dəqiq başa düşəcək, hələ üstəlik camaata da isbat edəcək. Nə isə... Birdən cənab Təbriz sevinər ki, axır ki, dəqiq nisbət verilmiş kimsə tapıldı. İbn Zöhrə və ibn İdris. Yox yox sevinməyə dəyməz. Heç onlara da təhrifi nisbət verə bilməyəcəksiniz. Cavabı isə bir azdan...

 

Növbəti diqqət çəkmək istədiyimiz məqam isə alimciyimizin mətnin tərcüməsindən başqa əksər yerlərdə bəhsin mehvərini gizlətməsidir ki, bu da birincisi bəhsin tam nədən getdiyini anlamamasından, ikincisi isə mənfur qərəzindən irəli gəlir. Çünki istər-istəməz oxucunun zehnindəki mövzu hədislərin təhrifi barəsindədir. Ona görə də əksər oxucunun mətndə söhbətin nədən getdiyini başa düşməməsi üçün Təbriz bəy “vahid xəbər höccət deyil” deyəndə nəyin qəsd olunduğunu qeyd etmir. Gəlin bir qədər bu məsələyə izah verək.


Usul elmində müzakirə olunan ən önəmli məsələlərdən biri xəbəri-vahidin höccət olub olmaması məsələsidir ki, bu bəhsi bu qədər çəkişməli edən də şəriətdə zənnə etibar edərək əməl etməyin icazəli olub olmamağından gedir. Yəni, məsələn, biz şər`i əhkamımızda hətta əqidəmizdə görəsən yəqin gətirməyən və əminlik hasil etməyən xəbərlərdən istifadə edərək əməl edə bilərikmi? Yəni görəsən şəriətin sahibi, təsisçisi qarşımıza hər hansısa bilmədiyimiz bir şey çıxdıqda, ona zənn hasil edən bir xəbərə etibar edərək əməl etsək, bizim bu əməlimizi düz olduğu təqdirdə keçərli, yanlış olduğu təqdirdə isə üzürlü biləcəkmi? Yoxsa düz ya səhv olduğundan asılı olmayaraq, şəriət sahibi qətiyyən zənnə etibar etməyə icazə vermir, gərək hər şeyə yəqinlə , elm hasil edərək əməl edəsən?! Edə bilərik deyən alimlər şəri məsələni ələ gətirmək üçün istinbat edən zaman vahid xəbərə söykənməyi icazəli bilmiş, istifadə edə bilmərik deyən alimlər isə icazəli bilməmişdir. Bəhsin xülasə məzmunu budur. Yəni verilən nisbətləri həqiqət saysaq Seyyid Mürtəza, Təbərsi, Qazi kimi alimlər zənn hasil edən xəbərlərə etibar etməyi icazəli bilməmişlər.

 

Növbəti diqqət çəkmək istədiyimiz məsələ isə, bu xəbərlərin höccət olmaması (Seyyid Həkim də məsələyə toxunub, muxatəbimiz də qeyd edib, ona da müraciət edəcəyik) iddiası görəsən uydurma, yalan olmasına görədirmi ki, bu şəxs özünü bu qədər yorur, yoxsa təhrif EHTİMALININ olmasına görədir?!

 

Şübhəsiz ki ikinci səbəb! Vahid xəbərin höccət olmaması onun yalan olması demək deyil. Belə olmasaydı İmamlarımız onlardan gələn şübhəli kəlamları cəhalət üzündən rədd etməyi qadağan etməzdilər. Mümkündür ki, bir söz İmamın dilindən çıxmış olsun, lakin bu isbat olmadığı üçün o sözə əməl etmək icazəli olmasın. Bu tamam ayrı mövzudur. Müxatəbimiz isə bütün höccət olmayanların təhrif olduğunu isbat etmək üçün dəridən qabıqdan çıxır. Hansı ağıl sahibi bunu iddia edə bilər? İndi siz hökm edin əziz oxucular. Mənim Məsumun kəlamı olub olmadığını 100 % bilmədiyim halda ona uydurma deməyim nə dərəcədə düzdür? Qısacası Kamal Heydəri və onun qalxanı Təbriz “Şiə rəvayətlərinin əksəri uydurmadır” sözü ilə “Vahid xəbərlərin hamısı uydurmadır” iddiasını isbat etmək istəyirlər. Bunu bir azdan daha açıq şəkildə görəcəksiniz. Üstəlik bu sözü böyük alimlərimizə, eyni zamanda demədiyi bir sözü Seyyid əl-Həkimə nisbət verməyə çalışırlar

 

Təbriz Bakuvi Nəcəfi Qummi yazır:

Qayıdaq yenə əsas mətləbə. Gördüyünüz kimi Seyyid Həkim inkarçı dəstəyə nümunə olaraq kimlərin, hansı böyük alimlərin adlarını çəkdi. Xatırlamdım ki, Seyyid Həkimin hədislərin təhrifi barədə dediyi söz də məhz bu bölümdə yer alıb.

Axı Seyyid Həkim harda hədislərin təhrifi barədə söz deyib? Bu yazıda da, başqa vaxtlarda da israrla başqalarını ərəb dilini yaxşı bilməməkdə ittiham edən biri, necə Seyyidin sözündəki zəmiri “təhrif,yalan ehtimalı”-dansa “təhrif” sözünə qaytarır? Yəni ehtimalla təhrifin mənasını anlamıyıb? Seyyidin həmin sözünə yerində daha geniş işarə edəcəyik. Əgər yarıməllamənin insafı olsa səhvini və Seyyidə atdığı bu iftiranı qəbul edər.

 

 

Təbriz Bakuvi Nəcəfi Qummi davam edir:

Әgər istiftaatda qeyd olunan cavabı qəbul etsək o zaman belə çıxır ki, hədislərin əksəriyyətinin təhrifi ilə bağlı seyyidin qeyd etdiyi söz həmin inkarçı dəstəyə aiddir, yəni Seyyid Mürtəzaya, Seyyid Rəziyə, İbn İdrisə, Şeyx Müfidə, Təbərsiyə və s. Deməli ortada iki variant var, ya təhriflə bağlı həmin söz Seyyid Həkimə aiddir ki, bu variantı qəbul etsək məsələ kökündən həll olur, ya da ki, Seyyidin adlarını çəkdikləri inkarçı dəstəyə aiddir ki, bu variant da əsas mətləbi isbat edir. Yəni Seyyid Kamalın təhriflə bağlı iddiası sabit olur, istər bunu təkcə Seyyid Həkimə nisbət verək, istərsə də Seyyid Həkimin də elm, təqva və böyüklüklərini şübhəsiz etiraf etdiyi Seyyid Mürtəza, İbn İdris, Təbərsi, Müfid kimi alimlərə nisbət verək. Hətta ikinci variant daha xətərlidir.

Əgər istiftaatdakı cavabı qəbul etsək, Seyyidin qeyd etdiyi söz, yəni, hədislərin əksəriyyətində “təhrif, yalan EHTİMALI” olduğunu adlarını çəkdiklərinə nisbət verə bilərdin, daha “təhrif”i  yox. Lakin kor tutduğundan buraxmayan kimi, təhrif sözündən elə tutub ki, ya Seyyidi ya da alimlərimizi üzü qara çıxartmalıdır. Başqa variant yoxdur. Təki “Kamalizm” yaşasın. Fərzləri davam etdirsək Seyyidin təhrif ehtimalı sözünü,  inkarçı dəstədən heç adı zikr olunmayan birinə də nisbət vermək olar. Və bu bir nəfər də ola bilər bir neçə nəfər də. Kim dedi ki Seyyid bu adları çəkəndə onların yalnız və yalnız yuxarıda adları çəkilən alimlər olduğunu qəsd edib? Halbuki, adı keçən alimlərin təhriflə yaxından uzaqdan əlaqəsi yoxdur. Seyyid onları daha ümumi başqa məsələ ilə bağlı zikr edib, özü də hekayə və nisbətlə. Sadəcə bu alimlərin adı ilə ajiotaj yaradaraq kölgəsinə sığınmaq lazım olduğu üçün bu varianta əl atmaq acizlikdir. Ortada iki variant yox varianlar var. Iddia etdiyiniz söz Seyyidə də aid ola bilər, adı zikr olunanlara da, adı zikr olunmayan xəbəri vahidi mütləq şəkildə höccət bilməyən başqa kim və ya kimsələrə də. Təbii ki, bütün bunlar sizin fərziyyələrinizə tabe olub, uydurmalarınıza qulaq verilsə mümkün ola bilər. Lakin istiftaat üzərindən yürütdüyünüz fərziyyələrin bir daha etibarsız olduğunu qeyd edirəm. Hətta istiftaatın səhv olduğu fərziyyəsi üzərində danışıram. Odur ki, bir az ağlabatan dəlillər gətirsəydiz daha yaxşı olardı. Bir növ desək istiftaat yazını artırmaq üçün və öz aləmində dəlil gətirmək üçün bəhanə olub. "Bu variant da əsas mətləbi isbat edir" deməklə bayaqdan elədiyi "mus-mus"un mustafasını dedi. Bəli. Əsas məqsəd Kamalın iddiasının isbatıdır. Ortada kim ləkələnir özü bilər.

 

 

“Ustad”ımızın iradları hələ bitməyib. Baxın görün nə deyir:

İradlar hələ bitmədi, əsas irad elə indi başlayır. İstiftaatdakı cavabı qəbul etsək deməli Seyyid Həkimin təhriflə bağlı qeyd etdiyi sözlər adlarını çəkdiyim həmin alimlərə nisbət verdiyi sözdür. Sual yaranır ki, Seyyid Həkim və ya başqa birisi, hansı dəlil və sübuta əsaslanaraq bu sözləri həmin alimlərə nisbət veriblər? Görəsən Seyyid Mürtzanın, Seyyid Rəzinin, Şeyx Müfidin, İbn İdirsin və digər böyük alimlərdən hansı birisi öz kitablarında hədis kitablarımızda mövcud olan əksər hədislərin təhrif olunduğunu yazıblar? Әgər həmin alimlər öz kitablarında belə bir söz yazıblarsa, o zaman Seyyid Kamalın iddiası yenə də sabit olur, dediyim kimi istər bu görüşü təkcə Seyyid Həkimə nisbət verək, istətsə də ondan daha böyük olan adlarını çəkdiklərim alimlərə nisbət verək, fərq etmir, önəmli olan iddianın sabit olmasıdır. Yox, əgər həmin alimlər öz kitablarında belə bir söz deməyiblərsə o zaman təhriflə bağlı görüşü irad qismində qeyd etməyin mənası nədir? Bir görüş ki, yoxdur, fantaziya məhsuludur, həmin görüşü inkarçı dəstəyə ayrılan bölümdə qeyd etməyin nə kimi məntiqi əsasları var? Bundan daha xətərli olanı isə budur ki, əgər həqiqətən adları sadalanan həmin dəstənin təhriflə bağlı qeyd olunan məzmunda heç bir sözləri yoxdursa, o zaman bu görüşü onlara nisbət verən Seyyid Həkim və digərləri ən böyük iftiraçıdırlar.

Yenə də “çevir tatı, vur tatı.” Yenə də dəlil adı ilə fərziyyə, yenə də muğalitə, yenə də iftira. Ay cənab!! Bütün bunlar hamısı istiftaatı yanlış çıxarmağa görədirsə, elə bil bacardın! ƏHSƏN! Bəs istiftaatsız nə cavab verəcəksən? Axı Seyyid Həkim (əgər deyibsə də) əlimizdəki xəbərlərin əksəriyyərində “təhrif” var yox “təhrif EHTİMALI” var deyib. Niyə öz xətandan qaynaqlanan xətaları başqalarına nisbət verirsən? Və dəfələrlə dedik axı, Seyyid Həkim cəmi iki nəfərə qəti şəkildə nisbət verib, qalanlarına isə heç nə nisbət verməyib. O birinin güdazına Seyyid Rəzi gedən iki nəfərə də (əgər sən deyəni qəbul etsək) təhrif və ya təhrif ehtimalı olduğu sözünü yox, vahid xəbəri mütləq şəkildə höccət olaraq qəbul etməmələrini nisbət verib. Təhrifə görə, ya başqa şeyə görə höccət olmadığını da qeyd eləməyib.

 

 

Bakı Nəcəf Qum tələbəsindən növbəti sitat:

Gördüyünüz kimi təkfirçi dəstənin çıxış yolu yoxdur, ya təhriflə bağlı Seyyid Həkimin yazdığı sözün özünə aid olduğunu qəbul etməlidirlər ki, bu halda Seyyid Kamalın iddiasının doğru olduğu və təkfirçi dəstənin Seyyid Kamala qara yaxdıqları məlum olacaq, ya da ki, bu sözün adları sadalanan alimlərə aid olduğunu qəbul etməlidirlər ki, bu halda isə Seyyid Həkim başda olmaqla bu görüşü həmin alimlərə nisbət verən alimlərin hamısının iftiraçı olduğunu etiraf etmələri gərəkəcəkdir.

Yenə də məşhur “təkfirçi dəstə” nağılı. Bəlkə artıq biz də sizə ad qoyaq?! Məsələn bu qədər tənqidlərdən nəticə çıxartmadığınız üçün bəlkə sizə “abırsız dəstə” deyə müraciət edək?! Onda xoşunuza gələcəkmi?! Çıxış yolunu bağladığınızı iddia edərək, guya qarşı tərəfi təhrif sözünü ya Seyyid Həkimə ya da alimlərə qarşı nisbət vermək məcburiyyətində qoymusuz. Olmayan sözü uydurub nisbət vermək sizin işinizdir bəy. Biz isə “təhrif ehtimalı” sözünü kimə istəsəz nisbət verərək izahını da verəcəyik inşallah. Seyyid Kamalın iddiası isə bir daha təkrar edirik ki, ”Hədislərimizin çoxu İsrailiyyatdır” iddiasıdır. Yəni o artıq “qət`ə (əminliyə)” çatıb. Kim nə deyə bilər ki?! Kişi qət`lə müşriki cənnətə sala bilər, hədislərə israiliyyat deyə bilməz?! Qara yaxmaya gəldikdə isə , sizin yaxdığınız qaranı biz heç kimə yaxa bilmərik. Üzrlü bilin. Keçək növbəti xəyanətə.

 

Hörmətli alimcik yazır:

Mümkündür qarşı tərəf öz iddialarına şahid olaraq Seyyid Həkimin adı çəkilən kitabda səhifə 217 də qeyd etdiyi sözləri gətirsin. Belə ki, Seyyid Həkim, həmin səhifədə imamların səhabələrinin hədis qəbulunda olduqca diqqətli və ehtiyatlı olduqlarını, bununla da hədis kitablarında mövcud olan uydurma hədislərin aradan getdiyini yazır (cild 3, səh 217). 
Lakin bu sözün özü də bir qədər mübahislədir. Səbəbi də budur ki, Seyyid Həkim, kitabın 214-cü səhifəsində yazır ki, hədislərin dəlil ola bilməyəcəyinə dair qeyd olunan bəzi rəvayətlər ola bilsin hədislərdə olan uydurmalara görədir. Daha sonra isə belə yazır: 
‎وهو موجود في أغلب الاخبار التي بأيدينا
"O (uydurma hədislər) əlimizdə olan əksər hədislərdə vardır..."

Bax bu artıq ABIRSIZLIQDIR. Gəlin cavabda bir qədər dəyişiklik edək. Cənabın qeyd etdiyi kimi əvvəl nəticəni qeyd edib bəhs əsnasında keçən sözlə onu batil etməkdənsə, əvvəlcə təhrif iddiası olunan həmin sözə nəzər salaq. Sonra hamımız nəticəyə nəzər salarıq. Müxatəbimiz burada eynilə vəhhabilərin üslubundan istifadə edir. Necəmi?! Əksərinizin bildiyi kimi, başıbəlalı müt`ə mövzusunda sələfi-vəhhabilərin Qurandan müt`ə ayəsinin nəsx olunmaqla ortadan qalxdığını isbat etmək üçün gətirdikləri ayə Muminun surəsinin ayəsidir. Alimlərimiz də qısaca ağılın da hökm etdiyi kimi, hökmü qüvvədən salan ayənin (nasix) əvvəlki ayədən (mənsux) sonra gəlməli olduğunu deməklə başıboş sələfilərə cavab veriblər. Muminun surəsindəki ayə nisa surəsindəki ayədən əvvəl nazil olduğu üçün onun hökmünü qüvvədən sala bilməz. Yəni uşağa su gətir dedinsə, su gətirmə deməyənə qədər suyu gətirmək öhdəsindədir. İndi bu sələfi ağıllı alim əvvəldə qeyd olunmuş sözlə nəticəni batil eləmək sevdasına düşüb. Heç olmasa səhifələrin yerini yazmasaydı bəlkə bir az camaatı aldatmaqda müvəffəq ola bilərdi. Nə də olmasa onu qiblənüma bilənlərimiz də az deyil axı. Gəlin indi əvvəlcə 214-cü səhifədə keçən sözə ətraflı baxaq. Sonra nəticəni qeyd etməklə sizin də canınız qurtarsın bizim də.

 

Seyyid Həkim köhnə çapla 214, yeni çapla 227-ci səhifədə belə deyir:

 

وهذه الروايات هي المهمة في المقام، لأنها مع كثرتها وتشابه مضامينها ظاهرة في أن عدم حجية الأخبار ليس لبطلانها ـ كي يختص بالأخبار المخالفة للقرآن بالتباين، كما تقدم في القسم الثاني ـ بل لاحتمال كذبها من جهة احتمال الدس، وهو موجود في أغلب الأخبار التي بأيدينا، فظاهر هذه النصوص توقف العمل بها على اعتضادها بالقرائن القطعية من الكتاب والسنة المعلومة وعدم كفاية رواية الثقات لها.


Bu məqamda mühüm olan bu rəvayətlərdir. Çünki onlar çoxluğu və məzmunlarının bənzərliyi ilə zahirdir ki, xəbərlərin höccət olmaması onların batil olduğu üçün deyil - ki buna görə (batil olduğuna görə) Qurani Kərimlə zidd (təbayun) şəkildə müxalif olan xəbərlərə məxsus olsun, necə ki ikinci taifədə (yeni çapda “ikinci qismdə”) qeyd eilmişdir – Bəlkə (xəbərlərin höccət olmaması) onların TƏHRİF EHTİMALI OLMAQ CƏHƏTİNDƏN YALAN EHTİMALI OLMAĞINA GÖRƏDİR. VƏ O, ( TƏHRİF OLUNMAĞI CƏHƏTDƏN YALAN OLMASI EHTİMALI) əlimizdəki olan xəbərlərin əksərində var. Bu mətnlərdən zahir olan  budur ki, 1) onlara (xəbərlərə) əməl etmək onların kitabdan (Qurani Kərim) və məlum (sabit) sünnədən olan qət`i qərinələrlə qüvvətlənməsindən asılıdır, 2) və rəvayətin doğruçu (siqə) şəxslərin rəvayəti olması (bu xəbərlərə əməl etmək üçün) kifayət etmir.


İlk öncə vurğulanması mühüm olan məsələ budur ki, iftiraçılar özləri camaata irad tutduqları halda, dəfələrlə özləri başqalarının kitablarından hissə-hissə sözləri gətirərək, sözün əvvəlini və axırını kəsərək dəfələrlə alimlərimizin sözlərini təhrif ediblər. Buna hər iki şəxsdən nümunələr gətirmək mümkündür. Lakin bura yeri deyil. Cənab Təbrizdən fərqli olaraq Kamal Heydəri yuxarıdakı mətni tam gətirərək, öz mühazirəsində oxuyaraq şərh etmişdir. Lakin qətiyyən elə düşünməyin ki, Seyyidin fikrini təhrif etməmişdir. Çünki elə Kamal Heydərinin özü də, bu mətndə gedən sözləri “təhrif ehtimalı cəhətindən yalan olmaq ehtimalı” kimi yox, elə təhrif və yalan mənasında izah etmişdir. İndi isə gəlin mətnə müraciət edək və bir qədər mətni təhlil edək.

 
“Bu məqamda mühüm olan bu rəvayətlərdir” dedikdə Seyyid Həkimin məqsədi görəsən nədir? Hansı məqam, hansı rəvayətləri qəsd edir? Cavab: Seyyidin qəsd etdiyi məqam budur ki, Seyyid (h) bu bəhsi inkarçıların arqumentləri bölümündə onların vahid xəbərin mütləq şəkildə höccət olmaması üçün istifadə etdikləri dəlilləri qeyd edərkən 4 şeyə işarə edir:

 
1) Qurandan olunan istidlala
2) Sünnədən olan dəlillərinə
3) İcma dəlilinə
4) Əqli dəlilə


Bu saydıqlarımızdan 2-cisində, yəni, sünnədən olan dəlildə Sünnənin özünü 2 qismə bölür:


1) Mütləq şəkildə elmsiz əməl etməyi qadağan edən hədislər
2) Bütün xəbərlərə yox bəzi məxsusi xəbərlərə elm olmadan əməl etməyi qadağan edən hədislər.


Ondan sonra Seyyid (h) yuxarıda zikr olunan xəbərləri qismlərə bölür:


1) Bir birinə müxalif olan xəbərlər haqqında olan hədislər.
2) Qurani-Kərimə (təbayun, zidd şəkildə) xilaf olan və ya onunla uyğun olmayan xəbərlərdən çəkinmək məzmununda olan hədislər.
3) Qurani-Kərimə (umum min vəch, inşallah aşağıda izah edəcəyik) xilaf olan və ya onunla muvafiq olmayan xəbəri qəbul etməyi qadağan edən məzmunda olan hədislər.


Üzərində bəhs gedən sözləri isə, 3-cü qismdə  qeyd edib. Bu məqamda 2-ci və 3-cü qismə aid olan xəbərlərin fərqini aydınlaşdırmaq bizə gələcək bəhsi asanlaşdırmaq üçün çox kömək edəcək. Çünki Kamal Heydəri və Təbrizin iddiası olan “Hədislərin əksərinin İsrailiyyat olması” yuxarıdakı 2-ci qismə aiddir. Yəni hədislərin əksəri təhrif olunub, buna görə də Qurana təbayun (zidd) şəklində xilafdır, ona görə də mütləq şəkildə batildir. Ancaq Seyyid Həkimin bu yalançı şəxslər tərəfindən təhrif edilməmiş fikri isə, əlimizdəki hədislərin 3-cü qismə aid olmasıdır. Yəni əlimizdəki rəvayətlərdə təhrif olunma cəhətindən rəvayətin yalan olma ehtimalı olduğu üçün onu Quranl və ya sabit sünnə ilə qüvvətləndirmədən onlara əməl etmək olmaz. Elə isə, 2-ci və 3-cü qismlərin fərqi və mötərizədə yazdığımız “umum min vəch” – in şərhi barəsində verdiyimiz və`də burada əməl edək. 


2-ci qism xəbərlər Quran və sünnə ilə tamamilə zidd, əks (təbayün sözünün dilimizdəki mənası təxminən bu anlamlara gəlir) yəni heç bir uzlaşma nöqtəsi olmayan xəbərlərdir ki, bu xəbərlər batil xəbərlərdir və bunlara etibar edərək əməl etməyi qadağan edən hədislərimiz var.


3-cü qism xəbərlər isə Seyyid Həkimin bəhsin mövzusu olan mətndə dediyi kimi, nə batilliyi nə də düzlüyü isbat olmamış, sadəcə yalan ehtimalının olduğu üçün Qurandan və sabit sünnədən olan qərinələrlə qüvvətləndikdən sonra ona əməl olunmasına icazə verilən xəbərlərdir ki, bu da onların hamısının Quran və sünnə ilə uyğun ola bilmək və olmaya bilmək ehtimalını bərabər tutur. Hədislərdəki qadağa isə arşdırmadan, yəqinə çatmadan bu xəbərlərə əməl etməyi və hətta bəzi məqamlarda inkar belə etməyi qadağan edir. Qısacası məchul olan şeyə nə təsdiq nə də inkar cəhətindən hökm etmək olmaz. Yalnız qərinələr onu etibarlı edə bilər ki, bunun izahı onsuz da uzanmış mövzunu daha da uzadacaq.

 
Bu qeyd etdiklərimizi xülasə şəkildə mətnə tətbiq edək:


1) Bu məqamda (inkarçıların dəlilləri məqamında) mühüm olan bu rəvayətlərdir (yəni, nə 1-ci bir birinə müxalif olan xəbərlər haqqında olan hədislər, nə də 2 –ci Qurani Kərimə (təbayun,zidd şəkildə) xilaf olan və ya onunla uyğun olmayan xəbərlərdən çəkinmək məzmununda olan hədislər yox, məhz 3 –cü - Qurani Kərimə (umum min vəch) xilaf olan və ya onunla muvafiq olmayan xəbəri qəbul etməyi qadağan edən məzmunda olan hədislər) deyir. Bu qismdə aid olan xəbərlər (hədislər) bütün xəbərlərə (hədislərə) yox bəzi məxsusi xəbərlərə elm olmadan əməl etməyi qadağan edən hədislər qismindəndir. Bunu yadda saxlayın ki, qarşıda bizə istiftaat məsələsinə qayıtdıqda lazım olacaq. Təbriz bəy buna işarə etməyə heç cəhd belə göstərməyib.


2) Seyyid (h) “onların təhrif ehtimalı olmaq cəhətindən” deməklə yalan ehtimalı olan xəbərlərin yalnız və yalnız təhriflə əlaqəli olmadığına işarə edir. Yəni hər düz olmayan xəbər yəhudilərin uydurmasıdır demək deyil. Burdakı yalan Əhli-beytin adından (ə.s) bilərəkdən yalan uydurmağa da, xəta ucbatından olan yalana da aiddir. Burdakı yalanda məqsəd həqiqətə uyğun olmayan xəbərdir. Bu isə təhrifdən daha ümumidir ki, bunun həll yolları var və öz məqamında bəhs olunur. Məs: Hər hansısa ravi səhv başa düşməsi səbəbindən Məsumun (ə.s) sözünü yanlış nəql edə bilər. Lakin bu həmin ravini yəhudi etmir.

 
3) “Təhrif ehtimalı olmaq cəhətindən yalan olmaq ehtimalı əlimizdəki xəbərlərin əksəriyyətində var” demək nə təhrifin nə də yalanın sabit olması demək deyil. Çünki bu sadəcə bir ehtimaldır. Özünü doğrulda da bilər ki bu zaman rəvayət yalan ola bilər, eyni zamanda doğrultmaya da bilər ki, bu zaman deyilən şərtlərlə ona əməl etmək olar. Yəni o, sanki eynilə Məsumdan eşitdiyin sözdür. Bir daha qeyd edirəm SANKİ.


4) Seyyidin (h) mətnlərdən zahir etdiyi birinci (Bu mətnlərdən zahir olan  budur ki, 1) onlara (xəbərlərə) əməl etmək onların kitabdan (Qurani Kərim) və məlum (sabit) sünnədən olan qət`i qərinələrlə qüvvətlənməsindən asılıdır) sözü onun buradakı sözlərində təhrifi və yalanı yox təhrif ehtimalı cəhətindən yalan EHTİMALını qəsd etdiyinə işarədir. Əgər Təbriz müəllimin dediyi kimi "O (uydurma hədislər) əlimizdə olan əksər hədislərdə vardır..." uydurma hədislər qəsd olunmuş olsa onda uydurma xəbəri necə Quranla və ya sabit sünnə ilə tutuşdurmaq olar?! Yəni uydurma xəbərə Qur`an və sünnədən qəti qərinə tapmaq mümkündürmü? Kamal Heydəri və Təbrizin dediyi ilə məna etsək Seyyid Həkimin belə dediyi -“Əlimizdəki hədislərin əksəriyyətində uydurma var” çıxır. Yəni əksəri yalandır, doğru deyil. Biz deyən məna iləsə “Əlimizdəki hədislərin əksəriyyətində təhrif ehtimalı cəhətindən yalan olmaq ehtimalı var”. Bu ehtimal ola bilər 100 hədisdən birində düz olsun, ola bilər əksərində, ola da bilər 1%-ində özünü doğrultsun.

 

İndi siz deyin! Buna etimadən Seyyid Həkimi təhrifdə ittiham etmək iftira deyil?! Elə bu ehtimalın çox az olduğunu bildirmək üçün də Təbriz ağılda olmayan hikmətli Seyyid Həkim (h) köhnə çapla 217-ci, təzə çapla 230 – cu səhifədə, fikrini qeyd edəcəyimiz sözlərlə bəyan edir. Əvvəlcə söhbətin nədən getdiyini bilmək üçün qeyd edəcəyimiz ərəbcə mətnin bir az əvvəlinə nəzər salaq.


Seyyid Həkim (h) 214-cü səhifədə gəldiyi iki nəticədən ikincisinin (Bu mətnlərdən zahir olan budur ki, 1)... və 2) rəvayətin doğruçu (siqə) şəxslərin rəvayəti olması (bu xəbərlərə əməl etmək üçün) kifayət etmir.) isbatı üçün dəlillər gətirir. Və burada ona gələ biləcək bir işkalın münaqişəsini edir. İşkalın xülasəsi budur ki, Kəşşidə nəql edilmiş Müğeyrə haqqında olan rəvayətdən və digər rəvayətlərdən “vahid xəbərlərin siyaqının mütləq şəkildə batil olması siyaqında olması” iddia olunur. Yəni, sanki o rəvayətlər 3-cü yox ikinci qism rəvayətlərə işarədir. Seyyid (h) bu işkalı Muhəmməd ibn İsanın rəvayəti ilə cavablandıraraq, Muhəmməd ibn İsanın rəvayətində qeyd elədiyi kimi qarşı tərəfin dəlil olaraq istifadə elədiyi Sudeyrin rəvayətinin də xəbərlərin batil olmasına görə yox, təhrif ehtimalı cəhətindən yalan ehtimalının olması ilə bağlayır. Ondan sonra Seyyid (h) başqa bir ehtimal irəli sürür və deyir:

 

و لعل ما ذكرنا في الصحيح المذكور من وروده لأجل الحذر من روايات الغلو ونحوها مما لا يتناسب مع مقامهم (عليهم السلام)، يكون قرينةً على بقية روايات المقام، فالمنظور فيها ذلك، دون روايات الأحكام التي بأيدينا والتي لا تتضمن أحكاماً بعيدة عن تعاليمهم (عليهم السلام)، ولا منافية للقرآن. والمخالفة بالعموم والخصوص ونحوه لا تعد مخالفةً عرفاً، بل هي من سنخ التفسير والشرح الذي هو من شأنهم (عليهم السلام) و لاسيما مع ما قد يقال من ضعف سند الروايات وعدم وضوح تواترها إلا في خصوص صورة المخالفة.


... Bəlkə də, zikr olunmuş səhih rəvayətdə ( haqqında) dediyimiz , “o rəvayətin onların (Məsumların (ə.s)) şəninə layiq olmayan ğuluv və bu qəbildən olan rəvayətlərdən çəkindirmək üçün gəlməsi, bu məqamda olan digər rəvayətlər üçün də qərinədir. Bu rəvayətlərdə əsas nəzər salınan cəhət rəvayətlərin ğuluvv haqqında olanlarıdır. Əlimizdə olan şər`i əhkamlar haqqında olan rəvayətlər onların (Məsumların ə.s) təlimlərindən uzaq olan hökmləri ehtiva etməyən və Quranla ziddiyət təşkil etməyən rəvayətlər isə bu rəvayətlərin nəzər dairəsindən xaricdir. Quranla bəzi yerlərdə ixtilaflı olan yerlər isə ürfün nəzərində ixtilaf hesab olunmur. Əksinə, o, təfsir və ya onların (Məsumların ) şə`nindən olan (P.s:Quranın həqiqi şərhi və təfsiri onların öhdəsinədir) şərh qəbilindəndir. Xüsusən də, yalnız ixtilaf surətində rəvayətlərin sənədinin zəif və mütəvatirliyinin aşkar olmaması ilə bağlı deyilənlərlə birgə.


Gördüyünüz kimi Seyyid Həkim (h) bu hissədə təhrifin nüfuz etmə dairəsini nə qədər daraldır. Belə ki, əvvəla əlimizdə olan rəvayətləri istisna edir. Eyni zamanda Seyyid (h) Quranla və Əhli beytin (ə.s) təlimləri ilə müxalif olmayan rəvayətləri təhrif iddiası olmayan rəvəyətlərdən bilir.


Yuxarıda qeyd olunan sözlərdən sonra böyük fəqihimiz Seyyid Həkim fikrini açıq-aşkar bəyan edərək heç yuxarıda qeyd etdiyi yozuma belə ehtiyac olmadığını deyir. Təbii ki, iftiraçılar bundan duyuq düşərək, cəld vəhhabi məntiqi ilə bu sözləri əvvəldə dediyimiz 214-cü səhifədəki sözlə şübhə altına salmağa cəhd ediblər. Və bu işdə vətənimizin təmsilçisi daha “ağıllı” davranmağa cəhd göstərib. Nə isə. Özü bilər Allahı bilər. Bizim öhdəmizə düşən iftiranı aşkar etməkdir. Gəlin gorək Seyyid Həkim son nəticəni necə qeyd edir. Təbii ki, iftiraçılara sərf etmədiyi üçün bu hissəni tam tərcümə etməyiblər. Biçarə avam camaat da hardan açıb oxuyacaq?!

 

على أنه لا مجال للتعويل عليها في ذلك بعد التأمل في سيرة الأصحاب قديماً وحديثاً وتسالمهم على الرجوع للروايات والعمل عليها، فإن الروايات المذكورة نصب أعينهم مشهورة عندهم معروفة لديهم، فعدم امتناعهم لأجلها من العمل بالأخبار المروية عندهم شاهد باطلاعهم على ما يمنع من العمل بها فيها، إما لانصرافها إلى ما ذكرنا ونحوه، أو لتهذيب الأخبار عن الأخبار المكذوبة بعد عرضها على الأئمة (عليهم السلام)، أو بقرائنٍ أُخر، بنحو يعلم بارتفاع ما يقتضي التوقف عنها ويلزم بطلب الشاهد عليها ونحو ذلك.

 ...Qədim və sonrakı əshabımızın tutduğu yolda, onların rəvayətlərə müraciət və ona əməl etməyə müvafiq olmaqlarında diqqətlə düşündükdən sonra o rəvayətləri yozmaq üçün heç bir macal qalmır. Zikr olunmuş rəvayətlər onların gözləri önündə idi, yanlarında məşhur idi, onların yanında bilinən idi. Və onlarda olan rəvayət olunmuş xəbərlərə əməl etməkdən o səbəbə görə (qadağan edən rəvayətlər səbəbinə görə) imtina etməmələri, bu (yanlarında olan) rəvayətlərin içində hansılara əməl etməyin qadağan olunduğuna - ya bizim dediyimiz və o cür şeylərə aid olunduğuna görə, ya xəbərlərin İmamlara (ə.s) ərz olunduqdan sonra yalan xəbərlərdən təmizləndiyinə görə, ya da haqqında ehtiyat olunması gərəkən şeylərin ortadan qalxması bilinər tərzində, və ya o xəbərlərə görə şahid tələb olunması lazım bilinər tərzində və bu tərzdə olan başqa qərinələrlə - agah olduqlarına şahiddir.

 

Bu məqamda Seyyid (h) əshabımızın tutduğu yola diqqət çəkərək, onların uydurma xəbərlərə bələd olduğuna işarə edir, bunun üçün də uydurma xəbərlərdən çəkindiklərini bildirir. Səbəb olaraq isə həm hədis kitablarının İmamlara təqdim olunmasını həm də, əshabın hədis rəvayətində olan diqqətinə işarə edir. Bəli əzizlər! İmamların əshablarının dəfələrlə İmamlardan “filankəsin sizin barənizdə, və ya sizin adınızdan belə dediyini eşitdim” deyə soruşduqları kifayət qədər rəvayətlərimiz var. Bu rəvayətlər özləri belə səhabələrin hər eşitdiyini İmamla dəqiqləşdirməsinə, və ya onların (ə.s) seçilmiş əshabları ilə dəqiqləşdirdiklərinə sübutdur. Daha bəziləri kimi hər qulağa xoş gələn sözləri hədis kimi onların adından danışmırdılar.

 

Daha sonra Seyyid Həkim yazır:

 

والمظنون اختصاص الأخبار المذكورة بأوقات خاصة كثر فيها الكذب والتخليط والدس المانع من الاعتماد على كتب الثقات، وقد زال ذلك بعرض الكتب على الأئمة (عليهم السلام)، وبتنبه الأصحاب لذلك بنحوٍ أوجب شدة احتياطهم في تحمل الروايات وفي روايتها وعدم اكتفائهم بإثباتها في الكتب

 

“Güman edilən budur ki , zikr olunmuş (qadağan edici) hədislər doğruçuların kitablarına etimad etməyə mane olan yalanın, dəyişdirilmənin, təhrifin artdığı zamanlara məxsusdur, artıq onlar (yalan təhrif) kitabların İmamlara (ə.s) təqdim olunması və əshabın diqqətliliyi ilə aradan getmişdir. Bir cür ki, bu onların rəvayətlərin əla gətirilməsində və onları nəql etməkdə şiddətli ehtiyat etməklərini, və sadəcə o rəvayətlərin kitablarda olmasının isbatı ilə kifayətlənməmələrini gərəkli etmişdir.”

 

Əziz möminlər! Özünüz də görürsünüz ki, Seyyid Həkim (h) hətta qadağaların müəyyən zamana – təhrif və yalanın- geniş yayıldığı zamana aid olduğunu deyir. Lakin yuxarıda da qeyd olunduğu kimi İmamlar və onların əshabı tərəfindən əsli kitablar təhrifdən təmizləndikdən sonra o xəbərlərə əməl olunması icazəli olmuşdur. Təbii ki, əshab təhrif olan bir şeyə əməl etməz. Onlar əməl edibsə bu xəbərlərin İmamlardan olduğuna əmin olduqları üçündür. Eyni zamanda Seyyid bu sözü ilə əlimizə yetişən hədislərin əksərini qoruma altına alır. Çünki əlimizə yetişən hədislər (Kutubu ərbəə və digər mötəbər kitablar) İmamlar tərəfindən təhrifdən təmizlənmiş əsli kitablardan yığılma hədislər olmuşdur. Və eyni zamanda onların yığılmasında xüsusı diqqət və ehtiyat göstərilibdir. Əbəs deyil ki, Şeyx Nəcaşi (r) öz kitabında Şeyx Kuleyninin (r) Əl-Kafi kitabını 20 il ərzində yazdığını nəql edir. Bütün bunlar hədis irsimizin təhrifdən nə qədər möhkəm qorunduğuna işarədir ki, Seyyid Həkim də əsas diqqəti buna çəkir. Bundan başqa möhtərəm Seyyid (h) həmin kitabın 305 – ci səhifəsində, vahid xəbərin dəlil olduğunu isbat edənlərin bəhsində, onların (vahid xəbəri höccət bilənlərin) dəlil olaraq qeyd etdiklərindən biri olan əqli dəlil qismində yuxarıdakı mətləblərə bir daha işarə edir. Orda da əshabın tutduğu yola əsasən hədislərimizin etibarını qeyd edir. Mətnə müraciət etdikdə özünüz də görəcəksiniz ki , bu söz Kamal Heydərinin və Təbrizin Seyyidə (h) atdığı iftiranın tam əksidir. İndi isə gəlin həmin sözlərə nəzər salaq:

 

أن التأمل في طريقة أصحابنا (رضي الله عنهم) في حفظ الأخبار وشدة احتياطهم في جمعها يوجب العلم بصدور بعضها، بل أكثرها، كما أوضحه شيخنا
الأعظم (قده)، بل هو أظهر من أن يحتاج إلى توضيح.

 

“Əzəmətli Şeyximizin (Şeyxul Ə`zəm Şeyx Ənsariyə işarədir) də bəyan etdiyi kimi, xəbərlərin qorunmasında və rəvayətlərin cəm olunmasında şiddətli ehtiyat etməkdə əshabımızın bu yolda tutduğu yol haqqında diqqətlə düşünmək bizlərə bu rəvayətlərin bəzilərinin, hətta əksərinin (Məsumlardan) sadir olduğuna elm hasil edir. Hətta bu bəyana ehtiyacı olmayan, aşkar məsələdir.”

 

Əzizlər indi özünüz qərar verin. Kimdir iftiraçı? İnsanları qarayaxmada, iftirada, yalanda ittiham edən, abır həyalarını itirmiş bu şəxlər, yoxsa onlara Seyyid Həkimə iftira atdıqlarını deyən kəslər?! Axı necə ola bilər ki bir şəxs özü camaatı onun qısa videolarından istifadə edərək irad bildirdikləri üçün min adla adlandırsın, amma özü həmin yoldan istifadə edərək iftira atsın. Bax yazının əvvəlində dediyimiz həmin “öz fikrinə ehtiram etməyən kəslər” sözünün isbatı budur.

 

Biz bəhsi bura qədər istiftaatın səhv etdiyini fərz edərək davam etdirdik. İndi isə gəlin görək həqiqətənmi istiftaat səhv edib, yoxsa bu alimciklərin qibləsi yenə yalan danışır? Bir sözün üstündə o qədər nağıl danışan bir kəs, özündə zərrə qədər məsuliyyət hiss etməyib ki, bir açım bəhsə ətraflı baxım. Axı hansı iraddan söhbət gedir? Cavabını yuxarıda vermişdik. Yenə də xatırladaq. Mübahisənin ətrafında gedən bu sözlər: "bu məqamda mühüm olan bu rəvayətlərdir. Çünki onlar çoxluğu və məzmunlarının bənzərliyi ilə zahirdir ki, xəbərlərin höccət olmaması onların batil olduğu üçün deyil - ki buna görə (batil olduğuna görə) Qurani Kərimlə zidd (təbayun) şəkildə müxalif olan xəbərlərə məxsus olsun, necə ki ikinci taifədə (yeni çapda “ikinci qismdə”) qeyd eilmişdir – Bəlkə (xəbərlərin höccət olmaması) onların TƏHRİF EHTİMALI OLMAQ CƏHƏTİNDƏN YALAN EHTİMALI OLMAĞINA GÖRƏDİR. VƏ O, ( TƏHRİF OLUNMAĞI CƏHƏTDƏN YALAN OLMASI EHTİMALI) əlimizdəki olan xəbərlərin əksərində var. Bu mətnlərdən zahir olan  budur ki, 1) onlara (xəbərlərə) əməl etmək onların kitabdan (Qurani Kərim) və məlum (sabit) sünnədən olan qət`i qərinələrlə qüvvətlənməsindən asılıdır, 2) və rəvayətin doğruçu (siqə) şəxslərin rəvayəti olması (bu xəbərlərə əməl etmək üçün) kifayət etmir"-öz özlüyündə iradın nə olduğuna işarə edir. Sadəcə olaraq bütün günü məntiqdən danışan məntiqsiz şəxs bunu necə başa düşsün?! Yuxarıda Seyyid (h) vahid xəbərlərə etimad etməyin qadağan olunduğu hədislərdən hansı qismin bu məqamda etimad olunmalı olduğunu bildirir. Yəni inkarçı dəstənin təqdirdə olan bir işkalına cavab verir. Çünki inkarçı dəstə bu rəvayətləri Quranla və sabit sünnə ilə tam zidd (təbayün) rəvayətlər qisminə aid etmişdi. Necə ki həmin qismdə mütləq olaraq batilliyinə hökm olunurdu. Seyyid isə məhz “batil olduğu üçün deyil” sözü ilə həmin irada cavab vermişdir. Təhrif məsələsində ağıla gələ biləcək şübhəni isə, hədislərin qorunması ilə bağlı sözləri ilə ortadan qaldırmışdır. Axı işi gücü bütün günü sosial şəbəkədə vaxt öldürmək, onu bunu qaralamaq, özünü reklama cəhd etmək olan biri “müqəddər işkal” və ya iradın nə olduğunu hardan bilsin?

 

Bu dəfə doğulduğu Ağstafa rayonunda da heç olmasa ərəb əlifbasını öyrəndiyini ehtimal edərək yarıməllaməni Təbriz Ağstafayi Bakuvi Nəcəfi Qummi kimi təqdim edib qalan iddialarını yerləşdirib cavablandıraraq sözümüzü yekunlaşdıracağıq. Təbriz Ağstafayi Bakuvi Nəcəfi Qummi yazır:

“Seyyidin sözünə diqqət edin! Deyirmə uydurma sözlər əlimizdə olan hədislərin əksəriyyətində vardır. Bu cümlədə keçən "əlimizdə olan" sözündən məqsəd kimlərdir? Әgər məqsədi hazırki dövrdürsə, o zaman müddəa sabit olur, deməli Seyyid Həkimin özü də etiraf edir ki, hazırda əlimizdə olan hədislərin əksəriyyəti uydurmadır. Yox, əgər bu sözü də irad qismində qeyd edirsə, o zaman mənası budur ki, bu rəyi adları sadalanan həmin böyük alimlərə nisbət verir. Bu variantı qəbul etsək, o zaman təkfirçi dəstə daha çətin duruma düşəcəklər. Gəlin niyəsini bəndlər şəklində aşağıda qeyd edim:
1) Әgər hədislərin əksəriyyətinin uydurma olması Seyyid Mürtəza, Şeyx Müfid, İbn İdris kimi alimlərin əllərində olan hədis külliyyatında mövcud idisə, o zaman Seyyid Həkimin 217-ci səhifədə yazdığı söz tamamilə öz mənasını itirir. Çünki, səhifə 217-də imamların səhabələrinin diqqət və ehtiyatları sayəsində uydurma hədislərin aradan getdiyini yazdığı halda səhifə 214-də əksər hədislərin uydurma olduğu hədis küliyyatının İbn İdris kimi alimlərin əlində olduğunu yazır. İbn İdris isə hicri 6-cı əsrdə yaşadığı üçün artıq həmin dövrdə səhabələrdən kimsənin qalmadığı məlum məsələdir. Deməli təhrif prosesi heç də Seyyidin iddia etdiyi kimi səhabələrin vasitəsilə aradan qaldırılmayıb.
2) Әgər istiftaatda qeyd olunduğu kimi Seyyid Həkimin yazdığı bu söz irad qismində qeyd olunubsa, o zaman Seyyid Həkimdən soruşmaq lazımdır ki, irad edənlərə (Seyyid Mürtəza, Seyyid Rəzi, Şeyx Müfid, İbn İdris və digərləri..) nisbət verdiyin bu söz onların hansı əsərlərində keçib? Әgər keçibsə, o zaman əksər hədislərin təhrif edilməsi ilə bağlı edilən iddia sabit olur, yəni şiə alimləri arasında bu sözü deyən böyük alimlər olub, indi Seyyid Həkim olmur, eybi yox, ondan daha böyük olan Seyyid Mürtəza, Şeyx Müfid, İbn İdirs olsun..
Yox, əgər Seyyid Həkimin həmin dəstəyə nisbət vediyi söz həmin alimlərin əsərlərində keçməyibsə, o zaman bizim yerli təkfirçi dəstənin məntiqiylə ən böyük iftiraçı elə Seyyid Həkimin özüymüş. Belə olan halda, əgər bunların dərdi həqiqətdirsə, o zaman adətləri üzrə çıxıb haray-həşir salsınlar, ağlaşma qursunlar ki, Seyyid Həkim məzhəbin böyük alimlərinə iftira atır, məzhəbi məhv etmək istəyir, ay nə bilim azğındır, şiənin vəhhabisidir və s, zatən bunların əllərindən başqa nə gəlir ki? Yox, əgər bunu etməyəcəklərsə, deməli bunlar adətləri üzrə yorğan davası edirlər, haqq, həqiqət, əhli-beytin haqqı və s kimi eşitəməyə adət etdiyimiz şablon şüarları isə kimlərisə qaralamaq üçün sui-istifadə etdikləri vasitədir. Gördüyünüz kimi, hara fırladırlar fırladsınlar, nəticə yenə də təkfirçi dəstənin əleyhinə tamamlanacaq.

Seyyidin əlimizdəki rəvayətlərdə qəsdinin nə olduğunu yuxarıda qeyd etdik. Onu da vurğuladıq ki, Seyyidin sözünün, təhriflə, israiliyyatla yaxından uzaqdan əlaqəsi yoxdur. Eyni zamanda Seyyidin əlimizdəki hədislərin etibarlılığı barədə dediyi sözlərə də işarə etdik. Bir daha təkrar etməyi lazım bilmirik. Ancaq “Kulliyyat” deyərək “alimciyin” şişirdərək təqdim etmək istədiyi uydurmaların ibn İdrisə qədər yetişməsinə gəldikdə, yalan olduğu bilinən söz istəyir lap bizə yetişsin. O artıq hədis yox, söz yığınıdır. Heç bir zərəri də yoxdur. Seyyid Həkimdən soruşduğun sualı isə gərək özünüzə verəsiniz, cənab! Çünki Seyyid Həkim heç kimə təhrif nisbət verməyib. Hələ də vahid xəbərin dəlil olub olmaması mövzusu ilə təhrifi ayırd edə bilməmisinizsə, tökün ətəyinizdən bu daşı, çıxardın o libası, əmmaməni, gedin özünüzə sənət tapın. Məsələn boy- buxununuza və bacarığınıza görə yaxşı artistlik edə bilərsiniz. Nə məcburdu tələbə olasınız?! Seyyid Həkimin nisbət vermədiyi söz o alimlərin kitablarında keçməyib. Ona görə də siz əvvəl Seyyid Həkimə sonra da onun adından digərlərinə yalan nisbət verdiyiniz üçün ən, ən, ən böyük İFTİRAÇISINIZ. Və belə olan halda dərdi həqiqət olanlar sizin iftiralarınıza görə hay-həşir salırlar. Siz və ağanız Kamal Heydəri yalançı, uydurmaçı, iftiraçısınız. Bunda şübhə yoxdur. Sadəcə bilmirik ki, Müğeyrənin İmamların adından uydurduğu daha çoxdur, ya sizin uydurduqlarınız. Və xahişinizi yerə salmadan ağlaşma qururuq ki, Kamal Heydəri və Təbriz, onlara alət olduğu üçün də Samir Əzizov məzhəbin böyük alimlərinə iftira atır, məzhəbi məhv etmək istəyir, azğındır, şiənin vəhhabisidir və s. Dincəldinizmi? Gördüyünüz kimi fırlada-fırlada oxu sizin üstünüzə döndərdik. İndi siz düşünün.

 

Mənə elə gəlir daha yazını tamamlamağın vaxtıdır. Bu şəxslər:


1) İftiraçılar elmi mətləblərin təhqiqində çox bayağı, bəsit yanaşaraq təhrifə yol verirlər.
2) Seyyid Həkimə sabit olmayan məsələni ona nisbət verərək, onun adından mühakimə yürüdüb sonda Seyyidi günahkar çıxardırlar.
3) Heç bir əsas olmadan “alimciyimiz” Seyyid Rəzinin adını qeyd etmiş və onsuz da boyunlarına yığdıqları qul haqqlarına Seyyid Rəzinin də haqqını əlavə ediblər. Üstəlik Seyyid Həkimin də adından Seyyid Rəziyə söz nisbət veriblər. Get indi cavab verərsən Seyyidə. 
4) Seyyidə nisbət verdikləri təhrif iddiası kökündən yanlışdır. Qısası Seyyidin sözünü təhrif edərək haqqına girib, və onun adından yalan danışıblar. Seyyid hələ sağdır. İşin asandır. Əvvəl xətanı boynuna al, sonra da Seyyiddən halallıq istə.
5) İstiftaatı yanlış ittiham etməklə onların da haqqına giriblər. 
6) Və ən əsası, bizi bu məqaləni yazmağa vadar edən, Müqəddəs hədis irsimizi təhqir edərək, onu insanların gözündə alçaldaraq ən çətin şəraitdə belə Əhli beyt irsini qoruyub bizə yetirən kəsləri narahat ediblər. Və daha nələr nələr.

 

 

Sonda qeyd edim ki, bu yazının bəzi xoşagəlməz tərəfləri, alimciyimizin öz yazısından qaynaqlanır. Ona görə bu yazı tərzi ilə narahat olan kəslərdən öz adımdan üzr istəyir və sona qədər oxuduqları üçün təşəkkür edirəm. 


Vəssalamu aleykum

 

Ğulam Əli AbduzZehra

 

ihticac.com