Bismillah 

Sallallahu əla Muhəmmədin və alihit-Tahirin

 

Əssəlamu əleykum, əziz qardaş və bacılar. Bu saytımız fəaliyyətə başladıqdan sonra bəziləri belə düşünməyə başladı ki, bu saytı açanların məqsədi fitnə yaradıb ixtilaf salmaqdır. Buna görə də düşündük ki, məqsəd və niyyətimizi siz əzizlərə də açıqlayaq. 

 

Kamal Heydərinin azdırıcı və batil fikirlərə sahib olduğu barədə məlumatımız yeni deyil. Demək olar ki, bu şəxs azğın fikirlərini yaymağa başlayandan onun nə cür biri olduğunu bilirik. Sadəcə olaraq lüzum görmədiyimiz üçün onun barədə olan məlumatları paylaşmırdıq. Baxmayaraq ki, bəzi saytların və ruhanilərin vasitəsilə onun təbliğ olunduğunu da görürdük. Amma necə deyərlər "bıçaq hələ sümüyə dirənməmişdi."

 

Fevral ayının əvvəllərində Kamal Heydərinin 313news saytı tərəfindən çap ediləcəyi bir kitabının elanını gördük (Həmin elanın screen variantı aşağıda).

Bu elanı gördükdən sonra bildik ki, müəyyən şəxslər bu azğını artıq Azərbaycanda ciddi şəkildə təbliğ etməyə başlayırlar.  Bu kitabı çap etməklə isə onun gözəl və dəyərli bir mühəqqiq olduğunu göstərmək istəyirlər. Necə ki, Kamal Heydərinin özü ilk əvvəl televiziya kanalında vəhhabilərin əleyhinə çıxışlar edərək bir çoxlarının məhəbbətini və etimadını qazandı. Məşhur olduqdan sonra isə, öz azğın fikirlərini yaymağa başladı.

 

Buna görə də biz əlimizdə olan və sonradan hazırlamağa başladığmız məlumatları bu cür kiçik bir saytda yığıb saxlamağı qərara aldıq. Ümid edirdik ki, bəlkə istəmədiyimiz baş verməyəcək. Lakin təəssüflər olsun ki, Mart ayının əvvəllərində bu paylaşımı gördük:

Bu paylaşımdan sonra saytımızı açıq elan etməyi qərar aldıq.

Məqsədimiz mömin qardaş və bacılara doğru mənhəcdə olan böyük alimlərmizin bu şəxs barədə fikirlərini çatdırmaq və onun azğın fikirlərini göstərərək əsl kimliyini ortaya çıxarmaqdır. Bizim heç kimlə, nə 313news saytı ilə, nə də bu şəxsi müdafiə edən digər şəxslərlə düşmənçiliyimiz yoxdur. Biz sadəcə olaraq bu gün onların qarşısında ona görə durmuşuq ki, onlar bu azğını təbliğ edirlər. Bizim istəyimiz yalnız bu azğın Kamal Heydərinin Azərbaycanda təbliğinin dayandırılmasıdır. Çünki onlarla mərcəi-təqlid müctəhidlərmiz, alim və ustadlarmız bu şəxsin azğın olduğunu açıq-aşkar bildiriblər. Onun bu batil fikirləri isə göz qabağındadır. Şiə hədislərinin əksərindən də çoxunun yəhudi, xaçprərəst və məcusilərdən nəql edildiyini demək məzhəbimizə, hədis irsimizə, əqidəmizə və fiqhimizə vurulan bir zərbədir. Bu zərbənin qarşısını almaq isə hamımızın borcudur. Biz öz payımıza düşəni etməyə çalışırıq. Müvəffəqiyyət yalnız Allaha məxsusdur. 

 

Bu fəaliyyətimizlə bağlı irad və təkliflərinizi aşağıda bizimlə əlaqə bölməsinə yaza bilərsiniz.