"Gərək məsum İmamı hesaba çəkək"- iddiasına cavab

Bismillah

Sallallahu əla Muhəmmədin və alihit-tahirin

 

Bu videoda Kamal Heydəri deyir: “Sizin haqqınız var ki, MƏSUM İMAMI HESABA ÇƏKƏSİNİZ! Ən azından soruşasınız ki, niyə burada belə etdin, niyə sülh etdin və niyə burada evinə girdin? Niyə burada ÖLÜLƏR KİMİ OLDUN??

 

Cavab:

Bu şəxs insanların zehnini bu cür azğın fikirlərə zəhərləyərək, imamların məqamına qarşı hörmətsizlik edir və insanlarda imamət əqidəsi barədə batil bir fikir formalaşdırır. Dini mətnlərə müraciət edən hər bir şəxs, insanların məsum imamı hesab çəkmək kimi bir haqqının olmadığını açıq-aşkar görə bilər. Hətta məsələ tam əksinədir, yəni məsuma sorğu-sualsız tabe olmaq vacibdir. Heydərinin bu fikri Əhli-Beytin (ə) bizə öyrətdiklərinin tam ziddinədir. Bunu göstərmək üçün oxuculara həmin hədislərdən bəzisini təqdim edirik. 

 

عِدَّةٌ مِنْ أَصْحَابِنَا عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ الْبَرْقِيِّ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ عَنْ حَمَّادِ بْنِ عُثْمَانَ عَنْ عَبْدِ اللَّهِ الْكَاهِلِيِّ قَالَ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع‏ لَوْ أَنَ‏ قَوْماً عَبَدُوا اللَّهَ‏ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَ أَقَامُوا الصَّلَاةَ وَ آتَوُا الزَّكَاةَ وَ حَجُّوا الْبَيْتَ وَ صَامُوا شَهْرَ رَمَضَانَ ثُمَّ قَالُوا لِشَيْ‏ءٍ صَنَعَهُ اللَّهُ أَوْ صَنَعَهُ رَسُولُ اللَّهِ ص أَلَّا صَنَعَ خِلَافَ الَّذِي صَنَعَ أَوْ وَجَدُوا ذَلِكَ فِي قُلُوبِهِمْ لَكَانُوا بِذَلِكَ مُشْرِكِينَ ثُمَّ تَلَا هَذِهِ الْآيَةَ- فَلا وَ رَبِّكَ‏ لا يُؤْمِنُونَ‏ حَتَّى يُحَكِّمُوكَ‏ فِيما شَجَرَ بَيْنَهُمْ‏ ثُمَّ لا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجاً مِمَّا قَضَيْتَ‏ وَ يُسَلِّمُوا تَسْلِيماً ثُمَّ قَالَ أَبُو عَبْدِ اللَّهِ ع عَلَيْكُمْ بِالتَّسْلِيم‏

 

Əshabımızdan olan bir qrup nəql etdi Əhməd bin Muhəmməd əlBərqidən, o da Əhməd bin Muhəmməd bin Əbu Nəsrdən, o da Həmmad bin Osmandan, o da Abdullah Kahilidən. (Kahili) dedi: İmam Cəfər Sadiq (ə) buyurdu: “Əgər hansısa bir qövm şəriki olmayan tək Allaha ibadət etsə, namaz qılıb zəkatını versə, Allah evini ziyarət etsə (həccə getsə), Ramazan ayının orucunu tutsa, amma Allahın və ya Peyğəmbərin (s) etdiyi hər hansı bir iş barədə: “niyə o, bunu belə etmədi?”-desə yaxud (etiraz əlaməti olaraq) qəlbində bu barədə düşünsə, bu əməliylə şirk etmiş olar.” (Kahili dedi) Sonra İmam (ə) bu ayəni oxudu: «Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa,65)» Daha sonra İmam (ə) buyurdu: “Sizə də tam təslim olmaq vacibdir!”

Kuleyni, əl-Kafi, c.1.səh.390

 

عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ بَعْضِ أَصْحَابِنَا عَنِ الْخَشَّابِ عَنِ الْعَبَّاسِ بْنِ عَامِرٍ عَنْ رَبِيعٍ الْمُسْلِيِّ عَنْ يَحْيَى بْنِ زَكَرِيَّا الْأَنْصَارِيِّ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ سَمِعْتُهُ يَقُولُ‏ مَنْ‏ سَرَّهُ‏ أَنْ يَسْتَكْمِلَ الْإِيمَانَ كُلَّهُ فَلْيَقُلِ الْقَوْلُ مِنِّي فِي جَمِيعِ الْأَشْيَاءِ قَوْلُ آلِ مُحَمَّدٍ فِيمَا أَسَرُّوا وَ مَا أَعْلَنُوا وَ فِيمَا بَلَغَنِي عَنْهُمْ وَ فِيمَا لَمْ يَبْلُغْنِي‏

 

Əli bin Muhəmməddən, o da bəzi əshabımızdan nəql etdi, onlar da Xəşşabdan, o da Abbas bin Amirdən, o da Rəbi əl-Muslidən, o da Yəhya bin Zəkəriyya əl-Ənsaridən, o da Əbu Abdullahdan (İmam Sadiqdən ə.s.). (Yəhya) dedi: İmamın (ə) belə dediyini eşitdim: “Kim imanının kamil olmasını çox istəyirsə belə desin: Hər bir məsələdə mən Ali-Muhəmmədin (ə) dediyini deyirəm (yəni, hər bir məsələdə onlarla razıyam). İstər o məsələni gizlətmiş olsunlar, istərsə də açıq-aşkar bildirmiş. İstər həmin məsələ onlardan mənə çatmış olsun, istərsə də çatmamış.

Kuleyni, əl-Kafi, c.1.səh.391

 

الْحُسَيْنُ عَنْ مُعَلًّى عَنِ الْحَسَنِ بْنِ عَلِيٍّ عَنْ أَحْمَدَ بْنِ عَائِذٍ عَنْ أَبِيهِ عَنِ ابْنِ أُذَيْنَةَ قَالَ حَدَّثَنَا غَيْرُ وَاحِدٍ عَنْ أَحَدِهِمَا ع أَنَّهُ قَالَ: لَا يَكُونُ الْعَبْدُ مُؤْمِناً حَتَّى يَعْرِفَ اللَّهَ وَ رَسُولَهُ وَ الْأَئِمَّةَ كُلَّهُمْ وَ إِمَامَ زَمَانِهِ وَ يَرُدَّ إِلَيْهِ‏ وَ يُسَلِّمَ لَهُ...

 

Hüseyndən, o da Muəlladan, o da Həsən bin Əlidən, o da Əhməd bin Aiddən, o da atasından, o da İbni Uzeynədən. (İbni Uzeynə dedi) bizə bir neçə nəfər iki İmamın birindən (ya İmam Baqirdən ə., ya da İmam Sadiqdən ə.) belə buyurduğunu nəql etdi: Bəndə yalnız Allahı, Onun Peyğəmbərini (s), imamların (ə) hamısını, və zəmanəsinin imamını tanıdıqdan sonra, həmçinin (bilmədiyi şeylərin elmini) ona (zəmanəsinin imamına) qaytardıqdan və (bütün məsələlərdə) ona tam təslim olduqdan sonra mömin olar...

Kuleyni, əl-Kafi, c.1.səh.180

 

Bu hədislərin sənədini araşdırmağa ehtiyac yoxdur. Çünki bu mənada olan hədislər hədis mənbələrində həddən artıq çoxdur. Bu isə o deməkdir ki, bu hədislər məna cəhətdən təvatürdür və höccətdir. 

Hədislərin mətni bizə məsumlar muqabilində sorğu-sualsız itaət etməyi və tam təslim olmağı vacib edir. Əgər biz İmamın hər hansı hərəkətini, dediyi sözü, sükutunu sorğu-suala çəksək, şübhəsiz ki, bu, ona tam şəkildə təslim olmaqla ziddir. Hədislərə əsasən mömin odur ki, sorğu-sualsız məsumun hər bir davranışını haqq bilib itaət etsin. Əks halda Hüdeybiyyədə Peyğəmbəri (s) sorğu-suala çəkən Ömər ibn Xəttabdan heç bir fərqimiz qalmaz!

 

ihticac.com