Ayətullah seyyid Haşim Şahrudi: Kamal Heydəri ya cahildir, ya da düşmən

 

Mərceyi-təqlid və İran İslam Respublikasında “Nizamın məsləhətini təyin edən toplantı”-nın başçısı Ayətullah seyyid Haşim Şahrudinin Kamal Heydərinin məşhur “şiə hədis irsinin çoxu Kəb Əhbardan, yəhudilərdən, xristianlardan və məcusilərdən (atəşpərəstlərdən) keçib və onlardan nəql olunub” - iddiasına verdiyi cavab.

 

Allahın adı ilə

Bu günlərdə şiələr arasında müzakirə olunan bəzi məsələlər barədə suallar mövcuddur. Sizdən xahiş edirik ki, bu məsələ barədə doğru olanı bizə bildirəsiniz. Bəzi şəxslərdən nəql olunur ki, şiə hədis irsinin çoxu Kəb Əhbardan, yəhudilərdən, xristianlardan və məcusilərdən (atəşpərəstlərdən) keçib və onlardan nəql olunub. Sizin bu barədə rəyiniz nədir?

Elmi hovzənin bir qrup tələbəsi / Nəcəf Əşrəf şəhəri

 

Bağışlayan və mehriban Allahın adı ilə

 

Bu söz yalnız şiə məzhəbinin hədis irsi barədə cahil olan şəxsdən çıxa bilər. Buna oxşar əsassız iddialar bundan öncə də İslam ümmətinin vəhdətinə zərbə endirmək, müsəlmanların məzhəbləri arasında fitnə yaratmaq və doğru dindən azmış olan və günümüzün xəvaricləri olan müxtəlif təkfirçilərin müsəlmanlar arasında daha çox qətl törətmələri və qan tökməkləri məqsədi ilə müxtəlif hegemon dövlətlər tərəfindən himayə edilən və onların təhriki ilə insanları yolundan azdıran başqa şəxslər tərəfindən də deyilmişdir.

Biz ümid edirik ki, bu şəxs (yəni Kamal Heydəri – tər.) həmin o şəxslərdən təsirlənməyib. Baxmayaraq ki, bu şəxsin şiə hədis irsini ittiham etməsi elə onların sözünə bənzəyir və təkfirçilər din və məzhəb əleyhinə iş görməkdə onun sözündən istifadə edirlər.

 

Elm əhli tərəfindən heç bir şəkk və şübhə doğurmayan aşkar həqiqət bundan ibarətdir ki, Əhli-beyt (ə) mədrəsəsini və İmamiyyə məzhəbini təmsil edən şiə hədis irsi İslam tarixində olan ən təmiz irs, təhrifdən, zülmkar hakimlərin tamahlarının təsirindən və İslam dininə içdən daxil olmağa çalışan müxtəlif cəhətlərdən olanların və münhəriflərin (yolunu azmışların) əl gəzdirməsindən ən çox uzaq olan hədis irsidir. Çünki bu hədis irsi hökumət və sultanların dairələrindən, həmçinin onların fəsadlı tamahlarından uzaq olan halda meydana gəlmiş və inkişaf etmişdir. Onun hifz olunmasında, yazılmasında, qorunmasında və sonrakı nəsillərə ötürülməsində İmamların (ə) səhabələrindən, ümmətin ən böyük alimlərindən və Əhli-beyt məktəbinin fəqihlərindən ibarət olan ən elmli, ən təqvalı və ən pak insanlar tərəfindən çoxlu zəhmətlər çəkilmişdir. Bu şəxslərin bu cür sifətlərə malik olmasına tarix kitabları və digər məzhəblərdən olan İslam alimləri şəhadət verirlər.

 

Bu İslami mirasın digər hədis irslərindən fərqi budur ki, bu irs birbaşa olaraq Peyğəmbərdən (s) Əhli-beytdən (ə) olan 12 İmamdan ibarət mübarək qızıl silsilə vasitəsi ilə əldən-ələ götürülmüşdür. Hər bir İmam Peyğəmbərə (s) çatana qədər öz atasından nəql edir. Necə ki, bu məsələyə Əhli-beyt İmamlarının (ə) özləri təkid edirlər. Ona görə də bu hədis mirası həqiqi islamı təmsil edir və mübarək İslam şəriətini və risalətinin davamıdır.

 

Kim bu həqiqəti anlamırsa və şiə hədis mirası haqqında və ya onun böyük bir hissəsi haqqında müəyyən terminləri və sözləri araşdırmadan və düşünmədən əzbərləyərək özünü alim göstərib şəkk edirsə, o şəxs FİQHİN TAMINI DADMAMIŞ və Əhli-beyt məktəbinin pak fəqihlərinin və hədis ravilərinin təbəqə-təbəqə çalışaraq, əziyyət çəkərək hifz etdikləri və dəyişkənliyə məruz qalmaqdan qoruduqları şiə hədis irsini başa düşməmişdir.

 

Biz bu mətləbi “Dairətul-məarifil-İslamiyyə tibqən liməzhəbi Əhli-beyt (ə)” adlı ensiklopediamızın müqəddiməsində İmamiyyə fiqhinin inkişafından bəhs edərkən geniş şərh etmişik. Əlavə məlumat almaq istəyən şəxslər həmin müqəddiməyə müraciət edə bilərlər.

 

Onun qeyd etdiyi “hədis irsimizin əksəriyyəti və ya çoxu Kəb Əhbardan, yəhudilərdən, xristianlardan və məcusilərdən nəql olunub” – sözünə gəlincə... Birincisi, şiə hədis irsinin məcusilərdən (atəşpərəstlərdən) olduğunu yalnız kafir Səddam nizamının İran İslam Respublikası ilə olan müharibə dövründə dediyini eşitmişik. Onlar deyirdi ki, şiələr məcuslardandır (atəşpərəstlərdəndir). Hamı da Səddamın düşmənçiliyini, onun xristian əsilli partiyasının İslam dini ilə olan ədavətini və ağaları olan hegemon dövlətlərə İslamın bütün məzhəbləri müqabilində olan xidmətlərini yaxşı bilir.

 

Ikincisi, Yəmən əhalisindən olan və əslən yəhudi olan Kəb Əhbara gəlincə, o, Peyğəmbərdən (s) sonra müsəlman olduğunu iddia etdi və Ömərin zamanında Mədinəyə gəldi. Rical və hədis kitablarına müraciət edən hər bir şəxsə aşkar olacaq ki, şiə hədis irsi məxsusən bu şəxs və onun əmsalında olanların rəvayətlərindən və fikirlərindən uzaqdır. Əhli-beyt İmamları (ə) və onların səhabələri o şəxsdən və onun rəvayətlərindən qorunur və kənar dururdular. Əksinə onu yalançı və Əhli-beyt (ə) yolundan azmış biri kimi tanıyırdılar. Onun rəvayətlərini səhabə və tabeinlərdən Əbu-Hureyrə, Muaviyə, Ömərin qulu Əsləm, Əta ibn Yəsar kimi Əhli-beyt (ə) xətti ilə müxalif olan şəxslər və onların məzhəbi rəvayət etmiş və onun rəvayətlərindən təsirlənmişlər.

 

Şeyx Kuleyni (r) "Kafi"də səhih sənədlə Zurarədən o da İmam Baqirdən (ə) onun özü haqqında belə nəql edir: “İmam Baqirin (ə) yanında oturmuşdum. O, üzü Kəbəyə tərəf oturmuşdu. O belə buyurdu: “Kəbəyə baxmaq ibadətdir.” Bu vaxt Buceylə qəbiləsindən olan və Asim ibn Ömər adlanan bir şəxs onun yanına gəlib ona belə dedi: “Kəb Əhbar deyir ki, Kəbə hər səhər Beytul-müqəddəsə səcdə edir.” İmam Baqir (ə) buyurdu: “Kəbin dediyi barədə sən nə deyirsən?” O şəxs dedi: “Kəbin dediyi söz düzdür.” İmam Baqir (ə) buyurdu: “Sən də yalan deyirsən, Kəb Əhbar da səninlə birgə yalan deyir.” İmam (ə) qəzəbləndi.” Zurarə deyir: “İmamın (ə) o şəxsdən başqasına “yalan deyirsən” dediyini görməmişəm.”

(Əl-Kafi, c. 4, səh. 240)

 

İbn Əbil-Hədidin Nəhcül-bəlağəyə şərhində yazılır: “Siyər (tarix) əhlindən bir qrupu rəvayət edir ki, Əli (ə) Kəb Əhbar barədə belə deyərdi: “O, çox yalan danışan biridir.” Kəb Əlidən (ə) munhərif (azmış) biri idi.”

(Şərhu-ibn Əbil-hədid, c. 4, səh. 77)

 

Kəb Əhbar İmamiyyə məzhəbinin nəzərində bu cür yalançı və Əhli-beyt (ə) xəttindən munhərif biri idi. Bizim fiqhimizdə və hədis kitablarımızda ondan hədis yoxdur. Lakin görürük ki, şiə məzhəbindən başqa digər bəzi məzhəblər onun hədislərinə etimad etmiş və bəziləri onun hədislərini hədis sünənlərində nəql etmişlər. Necə ki, onlardan bəziləri onu səhabə və ya tabein təbəqələrində tərifləmişlər.

 

Zəhəbi – o əhli-sünnənin rical alimlərindən biridir- Kəb Əhbar haqqında deyir: “Çox elmli yəhudi alimidir. Yəhudi idi. Peyğəmbərin (s) vəfatından sonra islamı qəbul etdi. Ömərin vaxtında Yəməndən Mədinəyə gəldi. Peyğəmbərin (s) səhabələri ilə otururdu. Onlara İsrail (yəhudi) kitablarından məlumatlar verirdi və qəribə hadisələr hifz etmişdi... Əbu-hureyrə, Muaviyə, İbn Abbas ondan hədis nəql edir. Bu da səhabənin tabeindən hədis nəql etməsidir. Bu nadir olan bir hadisədir. Ondan həmçinin Ömərin qulu Əsləm və tabein olan Kəbin arvadının oğlu Həmiri hədis nəql etmişdir. Ondan Əta ibn Yəsar və başqa bir qrup tabein də mürsəl olaraq hədis nəql etmişdir. Əbu-davudun, Tirmizinin və Nəsainin “Sünən”-ində onun rəvayətləri mövcuddur.”

(Siyəru-əlamin-nübəla, c. 3, səh. 489)

 

Zəhəbi həmçinin başqa kitablarında onu “Elmin toplandığı yer” adlandırmışdır. (Təzkirətul-Hüffaz, c. 1, səh. 52) Gözəl təsadüflərdən biri budur ki, başqa məzhəbin bəzi böyük alimləri də bu şəxsin (Kəb Əhbarın) həqiqətini bilmiş və onun yalanlarından xəbərdar olmuşdur. Həmçinin, səhabələrdən olan və Həzrət Əlinin (ə) tərəfdarlarından olan İbn Abbas bu şəxsi yalançı biri və yəhudilik məlumatlarını İslama daxil etmək istəyən bir şəxs bilirdi.

 

Təbəri öz tarix kitabında deyir: “Əkrəmənin belə dediyi nəql olunur: Bir gün İbn Abbas oturmuşdu. Bir şəxs onun yanına gələrək ona belə dedi: “Ey İbn Abbas, Kəb Əhbardan günəş və ay barədə təəccüblü bir şey eşitmişəm.” İbn Abbas dirsəklənib oturmuşdu. Oturuşunu düzəltdi sonra o şəxsə belə dedi: “Eşitdiyin xəbər nədir?” O şəxs dedi: “(Kəb Əhbar) belə güman edir ki, Qiyamət günü ay və günəş sönmüş iki nur şəklində gətirilər və cəhənnəmə atılar.”Əkrəmə deyir: İbn Abbas öz yerindən qəzəbli halda atıldı. Sonra 3 dəfə belə dedi: “Kəb yalan deyib, Kəb yalan deyib, Kəb yalan deyib. Bu yəhudi xəbəridir onu İslam dininə salmaq istəyir. Allah-təala ona itaət edənə əzab verməkdən çox ucadır. Allahın bu sözünü eşitməmisən? Allah-təala buyurur: “Həmişə hərəkət edən günəş və ayı sizə tabe etdi.” (İbrahim, 33) Burada həmişə hərəkət edəndən məqsəd Allahın itaətində hərəkət edən deməkdir. Allah necə ona itaətdə həmişə hərəkət etmələrini təriflədiyi iki quluna əzab verər? Allah bu yəhudi alimini (Kəb Əhbarı) öldürsün və onun yəhudi alimliyini qaraltsın. O necə Allah barədə bu cür söz deməyə cürət edir və Allahın bu itaətkar iki qulu barədə necə iftira atır? Sonra bu sözü dəfələrlə təkrar etdi.”

(“Tarixul-kəbir”, c. 8, səh. 164)

 

İbn kəsir öz təfsirində Əbu-hureyrədən nəql olunmuş Süleyman peyğəmbər və Səbə məlikəsinin hekayəsi barədə olan bir qrup hədisləri qeyd etdikdən sonra belə deyir: “Bu cür məzmunlu hədislər kitab əhlindən olan şəxslərin öz kitablarından tapıb nəql etdikləri hədislərdən götürülmədir. Kəb Əhbarın, Vəhəbin (Allah hər ikisini bağışlasın) bu ümmətə nəql etdikləri Bəni-İsrail xəbərlərindən olan əcib-qərib, olan-olmayan, təhrif olunmuş, dəyişdirilmiş və nəsx olunmuş hədislər kimi. Allah-təala bizləri bu cür şeylərdən daha səhih, daha faydalı, daha açıq-aşkar olan şeylərlə ehtiyacsız edib.”

(“Ət-təfsir”, Nəhl surəsinin təfsiri, c. 3, səh. 339)

 

Gördüyünüz kimi Əhli-beyt (ə) məzhəbi haqqında bu cür yalançı iddialar yalnız sabit olan həqiqətlərdən xəbərsiz olan cahillərdən və ya Əhli-beyt (ə) məktəbi ilə düşmənçilik edən birindən sadir ola bilər. Allah bizləri həmin şəxslərin şərrindən qorusun. Əlhəmdulillahi Rabbil- Aləmin.

 

Seyyid Mahmud Huseyni Haşimi

Mənbə: https://www.hashemishahroudi.org/ar/news/print/172

ihticac.com